Əsnəmək gündəlik həyatda ən çox rast gəlinən davranışlardan biridir və ətrafımızdakı insanların əsnəməsi çox vaxt bizə də təsir edir.
E-saglam.az xəbər verir ki, sadə görünən bu refleksin əslində bədəndə yaratdığı mexanizmlər isə düşündüyünüzdən daha mürəkkəbdir. Alimlər bildirirlər ki, əsnəmək beynin soyuması, əzələlərin rahatlaması, stressin azalması və diqqətin artması kimi bir sıra prosesləri işə salır.
Mütəxəssislərin ən diqqətçəkən izahlarından biri əsnəmənin beynin temperaturunu tənzimləməyə kömək edən təbii soyutma mexanizmi olmasıdır. Əsnəmə zamanı dərin nəfəs alma və üz əzələlərinin gərilməsi qan axınını artırır və beynin istiliyini azaldır. Buna görə insanlar yorğun, yuxulu və ya diqqəti yayındıqda daha çox əsnəyirlər.
Araşdırmalar göstərir ki, əsnəmə bədənin vəziyyət dəyişiklikləri zamanı da aktiv olur. Səhər oyananda, yatmazdan əvvəl və ya uzun müddət hərəkətsiz qaldıqdan sonra baş verən əsnəmə beynin yeni vəziyyətə keçidini asanlaşdırır.
Əsnəmənin digər mühüm təsiri əzələlərə daha çox oksigen çatdırmaqdır. Dərin nəfəs alma qan dövranını sürətləndirir və əzələlərin rahatlamasına kömək edir. Bu proses bədənə qısa bir “yenilənmə” təsiri verir.
Mütəxəssislər bildirirlər ki, stres anlarında əsnəmənin artması təsadüfi deyil. Bu refleks parasempatik sinir sistemini – bədənin təbii sakitləşmə mexanizmini – aktivləşdirir.
Əsnəmənin yoluxucu olması isə alimlər tərəfindən empatiya və güzgü neyronları ilə izah olunur. Birinin əsnədiyini görmək və ya eşitmək digərində də eyni reaksiyanı tətikləyə bilər.
Tərcümə: Könül Oruc