İzmirdə 32 yaşlı bir qadının arıqladıcı qəhvə içdikdən sonra ürəyinin dayanması böyük narahatlıq yaradıb.
Qadının vəziyyətinin ağırlaşdığı və intubasiya edildiyi bildirilib. Hadisədən sonra Türkiyə Əczaçıları Assosiasiyası sosial media vasitəsilə vətəndaşlara vacib xəbərdarlıq ünvanlayıb.
Assosiasiyanın açıqlamasında deyilir ki, sosial şəbəkələrdə “təbii”, “tamamilə bitki mənşəli” kimi təqdim edilən arıqladıcı məhsullar ciddi sağlamlıq riski daşıyır. Bu tip qəhvə və içkilərin metabolizmanı sürətləndirdiyi iddia olunsa da, tərkibində olan maddələr ürək ritmini poza, təzyiqi yüksəldə və həyati təhlükəli fəsadlara səbəb ola bilər.
Mütəxəssislər bildirirlər ki, internetdə satılan bitki mənşəli çay və qəhvələr heç də zərərsiz deyil. Sağlamlığa dair “asan həll” vədlərinə inanmaq təhlükəlidir. Belə məhsullar yalnız həkim və əczaçı məsləhəti ilə istifadə edilməlidir.
Tərcümə: Könül Oruc