Alimlər CD4-Eomes adlanan xüsusi immun hüceyrəsini müəyyən edərək yaşlanma prosesini yavaşlatmaq üçün potensial açar tapıblar.
E-saglam.az xəbər verir ki, bu hüceyrələr qocalma siqnallarını aldıqdan sonra zərərli "qocalma" hüceyrələrini hədəf alaraq toxuma zədələnməsini və xroniki iltihabı azaldır. Tədqiqat nəticələri molekulyar səviyyədə bu hüceyrələrin qocalma ilə birbaşa əlaqəsini ilk dəfə ətraflı göstərir.
Siçanlar üzərində aparılan təcrübələrdə CD4 T hüceyrələrinin CD4-Eomes formasına çevrilməsi qocalma hüceyrələrinin bədəndə yığılmasını əngəlləyib və toxuma zədələnməsini azaldıb. Əksinə, bu hüceyrələr funksiyasını itirəndə, qocalma hüceyrələrinin toplanması artıb, bu da onların yaşlanma prosesini birbaşa tənzimlədiyini göstərib.
Alimlər insanlarda da CD4-Eomes hüceyrələrinin oxşar təsirlərini araşdırmağı planlaşdırır. Gələcəkdə bu hüceyrələrin artırılması, iltihabın yaratdığı toxuma zədələnməsini və bioloji qocalmanı yavaşlatmaq üçün yeni terapevtik yanaşma ola bilər.
Tərcümə: Könül Oruc