Sağlam hesab etdiyimiz bəzi qidalar əslində bağırsaq sağlamlığına mənfi təsir göstərir.
E-saglam.az-ın məlumatına görə, mütəxəssislər xəbərdarlıq edirlər ki, “təbii” və ya “əlavəsiz” adı ilə satılan bir çox məhsulun tərkibində gizli şəkər, əlavə maddələr və az miqdarda lif olur.
Diyetoloqların sözlərinə görə, siyahının ilk sırasında qranola və səhər yeməyi dənli qarışıqları dayanır. Çox vaxt sağlam kimi təqdim olunan bu məhsullar şəkər, bal, şərbət və təmizlənmiş yağlarla zəngindir. Lifin azlığı isə bağırsaq florasında balanssızlıq yarada bilər.
Süd də sağlam qida kimi qəbul olunsa da, laktoza dözümsüzlüyü olan insanlarda şişkinlik, qaz və həzm problemlərinə səbəb olur. Bəzi “yüngül” qatıq növlərinin tərkibində isə əlavə şəkər və qatılaşdırıcılar var.
Bağırsaq sağlamlığına mənfi təsir edən başqa bir qida qrupu sənaye üsulu ilə hazırlanan “tam taxıl” çörəkləridir. Çoxu rəng vermək üçün karamelizə edilmiş şəkərdən istifadə edir və tərkibində bağırsaq baryerini qıcıqlandıra bilən emulsifikatorlar və qoruyucular olur.
Son illərdə populyarlaşan bitki mənşəli südlər də diqqətli yanaşma tələb edir. Marketlərdə satılan badam, yulaf və soya südlərinin bir çoxunda gellan saqqızı, quar saqqızı, ətirləndiricilər və şəkər var. Bu maddələr həssas bağırsağa malik insanlarda şişkinliyə səbəb ola bilər.
“Sağlam qəlyanaltı” adıyla satılan enerji batonlarında isə çox vaxt xurma konsentratı, meyvə püresi və yüksək miqdarda insulin olur. Bu qarışıqlar bəzi insanlarda qaz, sancı və həzm narahatlığı yarada bilər.
Mütəxəssislər bağırsaq sağlamlığını qorumaq üçün fermentləşdirilmiş qidalara, qatqısız məhsullara və liflə zəngin tərəvəzlərə üstünlük verilməsini tövsiyə edirlər. Bununla yanaşı, “sağlam” etiketi olan hər bir məhsulun tərkib hissəsinin diqqətlə oxunması vacibdir.
Tərcümə: Könül Oruc