İllərdir qidalanma siyahılarında birinci yeri bölüşən ispanaq və brokoli yeni elmi dəyərləndirmələrdən sonra geridə qalıb.
E-saglam.az xəbər verir ki, beynəlxalq qida tədqiqatları planetin ən qidalı tərəvəzinin gözlənildiyindən fərqli olduğunu üzə çıxarıb. Su tərəsi kalori başına vitamin, mineral və antioksidant miqdarı baxımından bütün tərəvəzləri qabaqlayaraq dünyanın ən sağlam tərəvəzi elan edilib.
Elmi təhlillərdə tətbiq olunan Qida Sıxlığı Balına görə su tərəsi A, C, E və K vitaminləri, folat, kalium, kalsium və müxtəlif antioksidantlarla ispanaq və kələmi belə üstələyir. Bir porsiya su tərəsi xüsusilə yüksək K vitamini səviyyəsi təqdim edir və güclü C vitamini mənbəyi kimi seçilir.
Su tərəsinin sağlamlığa təsirləri
Yüksək vitamin və fitokimyəvi tərkibi su terəsini çoxşaxəli sağlamlıq dəstəyi təqdim edən nadir tərəvəzlərdən birinə çevirir.
İmmunitet və göz sağlamlığı baxımından su tərəsi portağaldan daha yüksək C vitamini tərkibi ilə immun sistemi gücləndirir. Lutein və zeaksantin kimi karotenoidləri sayəsində görmənin yaşla bağlı zəifləməsinin qarşısını almağa kömək edir.
Xərçənglə mübarizədə də diqqət çəkən bu tərəvəz çeynənərkən izotiyosiyanata çevrilən qlükozinolatlarla zəngindir. Bu birləşmələr detoks fermentlərini aktivləşdirir, hüceyrələrin zədələnmədən qorunmasına kömək edir və bəzi araşdırmalara görə xərçəng riskini azalda bilər.
Sümük və ürək sağlamlığı üçün su terəsi K vitamini və kalsium mənbəyidir. Sümük sıxlığını qorumağa kömək etdiyi, osteoporoz riskini azaltdığı bildirilir. Tərkibindəki təbii nitratlar qan damarlarını rahatladır, qan təzyiqini aşağı salır və ürək-damar sağlamlığını dəstəkləyir.
Qalxanvari və metabolizm funksiyaları üçün vacib olan yod tərkibi su tərəsini maddələr mübadiləsini gücləndirən məhsula çevirir. Liflə zəngin olması həzmi yaxşılaşdırır, toxluq hissini artırır və çəki nəzarətinə yardım edir.
Su tərəsi necə istehlak edilməlidir?
Qida dəyərini maksimum səviyyədə saxlamaq üçün su tərəsinin düzgün hazırlanması vacibdir. Onun tərkibindəki vitaminlər və qlükozinolatlar istiliyə həssas olduğundan çiy istehlak ən ideal üsuldur.
Salat, sendviç, smuzi və ya bişmiş yeməklərin üzərinə əlavə etməklə çiy halda istifadə qida dəyərini qoruyur. Bişirilməsi lazım gəlsə, qısa müddətli buxarda bişirmə və ya yeməyin son mərhələsində əlavə etmə vitamin itkisini minimuma endirir.
Su tərəsinin qida sıxlığında birinci yerə yüksəlməsi göstərir ki, sağlam pəhrizin əsası sadə, təbii və yüksək dəyərli tərəvəzlərdən keçir.
Tərcümə: Könül Oruc