İshal çox vaxt mikrob infeksiyası ilə əlaqələndirilsə də, səbəbi həmişə bakteriya və ya virus olmaya bilər.
E-saglam.az xəbər verir ki, q astroenterologiya Mütəxəssisi Prof. Dr. Murat Sarıkaya yay aylarında ishal hallarının artdığını bildirərək vacib xəbərdarlıq edib. O vurğulayıb ki, ishalın arxasında allergiya, ferment çatışmazlığı və həzm sistemi pozğunluqları kimi fərqli səbəblər də dayana bilər.
Prof. Dr. Sarıkaya ishalın əsasən tez-tez və sulu nəcis şəklində özünü göstərdiyini deyib. Onun sözlərinə görə, laktoza dözümsüzlüyü, qlüten həssaslığı, qıcıqlanmış bağırsaq sindromu, iltihabi bağırsaq xəstəlikləri və pankreas ferment çatışmazlığı da ishalın gizli səbəbləri arasında ola bilər.
Kəskin və xroniki ishalı necə ayırd etmək olar?
Mütəxəssis qeyd edib ki, ishalın davametmə müddəti diaqnoz üçün çox vacibdir. Kəskin ishal adətən iki həftədən əvvəl keçir. Dörd həftədən çox davam edən ishal isə xroniki sayılır və bu zaman daha ciddi sağlamlıq problemlərindən şübhələnmək lazımdır. Sarıkaya bildirib ki, düzgün diaqnoz üçün nəcis analizi aparılmalı, lazım gəldikdə nəcis kulturaları, qan analizləri və əlavə olaraq qastroskopiya və kolonoskopiya müayinələri də tələb oluna bilər.
İshal zamanı necə qorunmalı?
Prof. Dr. Sarıkaya əl gigiyenasının ən təsirli qorunma üsulu olduğunu deyib və yeməkdən əvvəl, həmçinin tualetdən sonra əllərin mütləq sabunla yuyulmasını tövsiyə edib. Səyahət zamanı bişmiş qidalar seçilməli, açıq havada satılan və uzun müddət saxlanmış yeməklərdən uzaq durulmalıdır. İçməli suyun butulkada olmasına və buz istifadəsinin məhdudlaşdırılmasına diqqət edilməlidir.
Qidalanma ilə bağlı tövsiyələr
Sarıkaya vurğulayıb ki, ishal zamanı maye və elektrolit itkisini bərpa etmək əsasdır. Bu dövrdə yağlı, ədviyyatlı və turş qidalardan uzaq durmaq, qazlı içkilərdən imtina etmək lazımdır. Su və ayran daha uyğun seçimdir. Uşaqlar və yaşlılar susuzlaşmaya daha həssas olduqları üçün zərurət yarandıqda rehidratasiya məhlullarından istifadə edilməlidir.
Mütəxəssis əlavə edib ki, probiotiklər bağırsaq florasının bərpasına kömək edə bilər. Əgər ishala qızdırma və güclü qarın ağrısı da əlavə olunursa, bu bakterial infeksiyanın əlaməti ola bilər və gecikmədən həkimə müraciət etmək vacibdir.
Tərcümə: Könül Oruc