Dəri çox vaxt orqanizmdə baş verən ciddi problemlərin ilk siqnalını verir.
E-saglam.az xəbər verir ki, dermatoloq Tuva Amutan "Infobae"ya açıqlamasında xəstəliklərin xəbərçisi ola bilən yeddi əsas dəri simptomunu sadalayıb.
Amutanın sözlərinə görə, dərinin daimi qaşınması xüsusilə tiroid və qaraciyər xəstəlikləri ilə bağlı ola bilər. Kiçik qabarcıqlarla özünü göstərən dermatit herpetiformis isə çölyak xəstəliyi və qlütenə qarşı dözümsüzlüyün əlamətidir və test edilməsini tələb edir. Dərinin sararması həm qaraciyər, həm də böyrək funksiyasında ciddi problemlərə işarə edir.
Dermatoloq bildirib ki, göz qapaqları və oynaqlarda yaranan mumlu sarı qabarıqlar — ksantelazma — yüksək xolesterolu göstərən mühüm siqnaldır. Bədəninizdə xüsusilə boyun və qoltuqaltında əmələ gələn tünd, məxmərəbənzər ləkələr (akantoz) prediyabetin xəbərçisi ola bilər.
Mütəxəssis əlavə edib ki, dodaqların mavimsi rəng alması ürək və ya ağciyər problemlərindən; dodaqların çatlaması isə B12, B2 vitaminləri və dəmir çatışmazlığından xəbər verir.
Həkim vurğulayıb ki, belə əlamətlər uzun sürürsə, vaxt itirmədən müayinəyə getmək həyati əhəmiyyət daşıyır.
Tərcümə: Könül Oruc