E-saglam.az xəbər verir ki, diyetoloq Ezgi Akdağın sözlərinə görə, senolitik pəhriz adlanan bu yanaşma qocalmış hüceyrələri bədəndən uzaqlaşdıraraq daha sağlam hüceyrələrin yaranmasını dəstəkləyir.
Akdağ qeyd edir ki, qida rasionuna daxil edilən müəyyən məhsullar hüceyrə təmizlənməsini gücləndirir və orqanizmin cavanlaşmasına kömək edir. Onun sözlərinə görə, ən təsirli dördlük soğan, zərdəçal, kələm və yaşıl çaydır.
Soğan və alma qabıqları kversetinlə zəngindir. Bu maddə güclü antioksidant təsir göstərir, hüceyrə zədələnməsini azaldır və qocalma prosesini ləngidir. Çiyələk, xurma və pomidorda olan fisetin isə yaşlı hüceyrələrin bədəndən çıxarılmasına kömək edir. Zərdəçaldakı kurkumin iltihabı azaldır, sinir və qaraciyər hüceyrələrini qoruyur. Kələm və brokoli kimi brassika tərəvəzlərindəki sulforafan detoks prosesini sürətləndirir və toksinlərin orqanizmdən çıxmasını asanlaşdırır. Yaşıl çay və tünd şokoladda olan polifenollar isə mitoxondrial funksiyanı gücləndirərək enerjinin bərpasını artırır.
Mütəxəssis bildirib ki, senolitik pəhriz xüsusilə 35 yaşdan sonra tövsiyə olunur və Aralıq dənizi tipli bitki əsaslı qidalanma modelini ön plana çıxarır. Tərəvəz, paxlalı bitkilər və zeytun yağı hüceyrə regenerasiyasını dəstəkləyərək sağlam qocalmaya töhfə verir.
Ezgi Akdağ senolitik yanaşmanın xüsusilə metabolik yavaşlama, xroniki yorğunluq və hormonal disbalans kimi erkən yaşlanma əlamətlərində daha təsirli olduğunu qeyd edir. Onun sözlərinə görə, aralıqlı oruc, soyuq duş və bədənə nəzarətli stress tətbiqləri hüceyrələrin bərpa mexanizmlərini daha da aktivləşdirir.
Mütəxəssis vurğulayır ki, az miqdarda nəzarətli stress bədəni gücləndirir və cavanlaşdırıcı təsir yaradır. Bu isə uzunömürlülük və enerjili həyat üçün mühüm amildir.
Tərcümə: Könül Oruc
E-saglam.az