Tibbi xəbərlər
Alimlər qabaqcıl kəşf etdilər:
Tibbi xəbərlər
111

Alimlər qabaqcıl kəşf etdilər: Bədən ağrını özü-özünə bloklayır

Lids Universitetinin rəhbərliyi ilə aparılan yeni araşdırma göstərir ki, insan bədənində asılılıq yaratmayan daxili ağrı bloklama sistemi mövcuddur.

E-saglam.az xəbər verir ki, bu sistem bədənin özünün istehsal etdiyi xüsusi peptidlər vasitəsilə ağrı siqnallarını zəiflədə bilir.

Tədqiqata əsasən, orqanizm benzodiazepinlərə bənzər təbii peptidlər hazırlayaraq sinir uclarında ağrı ötürülməsini azaldır. Bu maddələr onurğa beyni qanqliyalarında yaranır və yalnız periferik sinir sistemində təsir göstərdiyi üçün opioidlərdə olduğu kimi yuxululuq, çaşqınlıq və asılılıq riski yaratmır.

Araşdırmanın rəhbəri, Lids Universitetinin professoru Nikita Qamper, mövcud güclü ağrıkəsicilərin məhdudiyyətlərinə diqqət çəkərək bildirib ki, opioidlər effektiv olsa da, ən yüksək asılılıq riskini daşıyan dərmanlardır. Onun sözlərinə görə, bu vəziyyət xəstələrin gələcək sağlamlığı üçün ciddi narahatlıq yaradır.

Lids Universitetinin ağrı idarəetmə üzrə mütəxəssisi Dr. Qanesan Baranidharan isə qeyd edib ki, xroniki ağrı tibbdə ən böyük problemlərdən biridir və uzunmüddətli opioid istifadəsi ağır yan təsirlərə səbəb ola bilər. Yeni tapıntılar təhlükəsiz və innovativ müalicə üsullarının yaranmasına imkan aça bilər.

Bu sahədə aparılacaq növbəti tədqiqatlar üçün alimlər 3,5 milyon funt sterlinq (təxminən AZN) məbləğində maliyyə alıblar. Beş illik layihə neyropatik ağrının biomarkerlərini araşdıracaq və aşkar edilmiş təbii peptid mexanizminə əsaslanan yeni terapiyaların hazırlanmasına yönələcək.

Tədqiqat Böyük Britaniya, ABŞ və Çin alimlərinin birgə əməkdaşlığı ilə həyata keçirilib. Həmmüəllif professor Xiaona Du qeyd edib ki, müxtəlif komandaların eyni nəticəyə gəlməsi bu kəşfin etibarlılığını daha da gücləndirir.

Mütəxəssislər bildirirlər ki, bu nəticələr təsdiqlənər və klinik praktikaya keçərsə, gələcəkdə opioidləri əvəz edə biləcək təhlükəsiz, təsirli və asılılıq yaratmayan ağrı müalicələrinin hazırlanmasına yol aça bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun