Qatıq alarkən diqqət çəkən terminlərdən biri də “homogenizə qatıq” ifadəsidir.
E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, homogenizasiya süd məhsullarında yağ hissəciklərinin xüsusi texnologiya ilə xırdalanaraq bərabər şəkildə paylanması prosesidir. Bu üsulla hazırlanan qatıq daha hamar quruluşa malik olur, topaq yaratmır və uzun müddət ayranlaşmadan öz teksturasını qoruyur.
Homogenizə qatığın əsas üstünlüyü onun kremvari görünüşü və yumşaq dadıdır. Mütəxəssislərə görə, bu cür qatıq daha stabil olur və istehlakçı tərəfindən daha rahat qəbul edilir. Bununla belə, qatığın keyfiyyətinə təsir edən tək amil homogenizasiya deyil. Məhsul seçərkən tərkibə də diqqət etmək vacibdir. İdeal olaraq qatıq yalnız süd və canlı bakteriya kulturlarından ibarət olmalıdır.
Qidalanma mütəxəssisləri həmçinin şəkərsiz, əlavə qatqısız təbii qatıq seçməyi tövsiyə edir. Ev şəraitində meyvə, giləmeyvə, bal və ya qoz-fındıq əlavə etməklə daha sağlam variant hazırlamaq mümkündür. Yağ tərkibi isə 2,5–4,5 faiz aralığında olduqda qatıq həm daha faydalı, həm də daha doyumludur.
Mütəxəssislərin fikrincə, düzgün seçilmiş qatıq gündəlik qidalanmada bağırsaq sağlamlığını dəstəkləyən ən vacib məhsullardan biri olaraq qalır.
Könül Oruc