Qidalanma
Sizə hansı qidaların təsir etdiyini necə
Qidalanma
93

Sizə hansı qidaların təsir etdiyini necə müəyyən edə bilərsiniz?

Qida dözümsüzlüyü — immun sistemindən asılı olmayan, bədənin bəzi qidalara qarşı verdiyi fizioloji reaksiyadır.

E-saglam.az xəbər verir ki, qastroenteroloq Prof. Dr. Ahmet Melih Özel bildirir ki, bir çox insan bu simptomlardan əziyyət çəksə də, səbəbini tapa bilmir və bu da həyat keyfiyyətinə mənfi təsir göstərir.

Ən çox hansı qidalar səbəb olur?

Bəzi qidaların tərkib hissələri ya tam həzm olunmur, ya da bağırsaqlarda tolere edilmir. Bu hallarda daha çox aşağıdakı qidalar reaksiya yaradır:

- Süd və süd məhsulları (laktoza dözümsüzlüyü)

- Əlavələr, dadlandırıcılar və emal olunmuş qidalar

- Yüksək fruktoza tərkibli meyvələr və bal

- Buğda və bəzi dənli bitkilər

- Histamin tərkibli qidalar (turşular, kolbasa, şərab, pomidor)

- FODMAP qrupuna daxil olan paxlalılar, soğan və sarımsaq

Hər kəsdə eyni təsir göstərirmi?

Xeyr. Hər kəsin orqanizmi fərqlidir. Buna görə də “süd hər kəsə ziyandır” və ya “buğda yeyilməməlidir” kimi ümumiləşdirmələr elmi əsas daşımır.

Diaqnoz necə qoyulur?

Ən effektiv üsul – aradan qaldırma pəhrizidir. Şübhəli qidalar 2-3 həftəlik müddətə rasiondan çıxarılır və simptomlar izlənir. Əgər bu dövrdə vəziyyət yaxşılaşırsa, həmin qidalar yenidən tək-tək əlavə edilərək təsir dərəcəsi müəyyən olunur.

Nəfəs testləri kimi diaqnostik vasitələr də istifadə oluna bilər.

Qeyd: Bəzi yerlərdə edilən IgG əsaslı qida testləri elmi cəhətdən təsdiqlənməyib və etibarlı sayılmır.

Müalicə necə aparılır?

Müalicə orqanizmin qəbul edə bildiyi səviyyəni tapmaq və uyğun pəhriz planı qurmaqdan ibarətdir. Bəzi hallarda aşağı FODMAP pəhrizi, xüsusilə qıcıqlanmış bağırsaq sindromu (QBS) olan şəxslərdə faydalı olur. Dözümsüzlük immun sisteminə bağlı olmadığı üçün adətən orqanlara daimi zərər vurmur.

Evdə sadə test üsulu

1. Aradan qaldırma mərhələsi (2–3 həftə): Süd, qlütenli məhsullar, paxlalılar, soğan, sarımsaq, fermentləşdirilmiş və emal olunmuş qidaları rasiondan çıxarın.

2. Simptomların izlənməsi: Hər gün nə yediyinizi və necə hiss etdiyinizi yazın.

3. Yenidən təqdimat: Hər 3–4 gündən bir tək bir qidanı yenidən yeyin və orqanizmin reaksiyasını izləyin.

Kimlərdə daha çox rast gəlinir?

Qida dözümsüzlüyü dünyada milyonlarla insana təsir edir. Qadınlarda hormonal dəyişikliklər dövründə, eləcə də QBS xəstələrində daha çox müşahidə olunur.

Tətikləyici amillər

- Həddindən artıq qida qəbul etmək

- Tez yemək və qeyri-kafi çeynəmə

- Stress və narahatlıq

- Antibiotik istifadəsi

- Bağırsaq mikrobiotasında dəyişiklik

- Menstruasiya dövründə hormonal təsirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun