Dəri insan orqanizminin ən böyük orqanıdır və bədənimizi xarici təsirlərdən qorumaq, temperaturu tənzimləmək kimi vacib funksiyalar yerinə yetirir. Lakin az adam bilir ki, dərinin vəziyyəti daxili sağlamlıq, xüsusən də həzm sistemi haqqında çox şey deyə bilər.
E-saglam.az xəbər verir ki, bu mövzuda “Bud Zdorov” klinikasının dermatoloqu Maria Kızımko izah edir.
Dərinin verdiyi siqnallar aşağıdakılardır:
Sızanaqlar (akne) – ən çox rast gəlinən dəri problemlərindən biridir. Bir çox insan onların yalnız yeniyetməlik dövrü və ya düzgün olmayan qidalanma ilə bağlı olduğunu düşünür. Lakin bəzi araşdırmalar göstərir ki, həzm sistemi də dərinin vəziyyətinə təsir göstərə bilər. Bağırsaq mikroflorasının pozulması və bağırsaq baryerindəki çatışmazlıqlar dərinin quruluşuna və funksiyasına mənfi təsir edir. Eyni zamanda bəzi qidalar və yüksək qlikemik yükə malik qidalanma akne vəziyyətini ağırlaşdıra bilər.
Dəri iltihabları və dermatitlər bəzi qida allergiyaları və ya müəyyən məhsullara həssaslıq fonunda yarana və ya pisləşə bilər. Məsələn, seliakiya (qlüten enteropatiyası) dəridə sızanaq və qaşınma ilə özünü göstərə bilər. Qida allergiyası isə adətən dəri üzərində qızartı və qaşınma, xüsusilə urtiker şəklində təzahür edir.
Dərinin quruması və qabıqlanması vitamin A, E, D və B qrupu vitaminlərinin çatışmazlığından xəbər verə bilər. Bu vitaminlərin çatışmazlığı və ya həzm sistemində mənimsənilməməsi dərinin sağlamlığına mənfi təsir göstərir.
Dəri rənginin dəyişməsi də həzm sistemi problemlərinin siqnalı ola bilər:
-
Solğun dəri – həzm sistemində dəmir, vitamin B12 və fol turşusunun əksikliyindən və anemiyadan xəbər verə bilər.
-
Sarımtıl dəri – qaraciyər və ya öd kisəsi problemlərini göstərə bilər. Sarılıq hepatit, qaraciyər sirrozu, öd yollarının tıxanması, daşlar və ya şişlərlə əlaqəli ola bilər. Digər səbəblər isə karotin zəngin qidaların çox qəbulu (məsələn, yerkökü, balqabaq), genetik Gilbert sindromu ola bilər.
Dəri və həzm sistemi bir-biri ilə sıx bağlıdır. Dəri üzərində müşahidə olunan dəyişikliklər həzm sistemi problemlərinin xəbərçisi ola bilər. Əgər dərinizdə qeyri-adi simptomlar görürsünüzsə, vaxt itirmədən həkimə müraciət edin. Həzm sistemi sağlamlığına diqqət göstərmək dərinizin də sağlam və gözəl qalmasına kömək edəcək.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az