Qadın çantasına baxanda elə bil ki, ayrıca bir dünya ilə qarşılaşırsan. Çünki bir çox xanımlar yanında hər şeyi daşıyır: kosmetikadan tutmuş noutbuka, sudan tutmuş telefon və müxtəlif cihazlara qədər. Belə olduqda isə çantanın çəkisi bəzən 10-15 kiloqrama qədər yüksəlir. Bəs bu ağırlıq bədən üçün nə qədər təhlükəsizdir?
E-saglam.az xəbər verir ki, bu barədə travmatoloq Larisa Alekseva bildirib. Onun sözlərinə görə, çantanın optimal çəkisi qadının bədən çəkisindən və dayaq-hərəkət sisteminin vəziyyətindən asılıdır:
“Ümumi qayda belədir: çanta bədən çəkisinin 10 faizindən ağır olmamalıdır. Qısa müddət üçün bu göstərici 15 faizə qədər çıxa bilər, amma bu, artıq riskli sayılır. Məsələn, 60 kiloqram çəkisi olan bir qadın üçün çantanın təhlükəsiz çəkisi 6 kiloqramdır. 9 kiloqram da qısamüddətli dövrdə yolveriləndir, amma mütəmadi olaraq yox”.
Mütəxəssis vurğulayır ki, bir çiyinə uzun müddət yük düşməsi bədənin tarazlığını pozur, boyun və bel nahiyəsində ağrı, duruşda əyrilik, qollarda uyuşma və qan dövranında problemlər yarada bilər.
Xüsusilə onurğa xəstəlikləri olanlar, hamilə qadınlar və yaşlı insanlar üçün bu hədd daha da aşağıdır: çantanın çəkisi bədən çəkisinin 5-8 faizindən artıq olmamalıdır.
Əgər boyun və çiyin ağrısı, qollarda uyuşma və karıncalanma, baş ağrıları və ya duruşda əyrilik hiss edirsinizsə, bu, artıq siqnaldır. Belə hallarda çantanın çəkisini azaldın və şikayətlər davam edərsə, həkimə müraciət edin.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az