Gözləriniz dünyaya açılan pəncərələrdir. Onlar bulanıqlaşdıqda oxumaq, sürmək və gündəlik fəaliyyətləri yerinə yetirmək çətinləşə bilər.
E-saglam.az xəbər verir ki, bulanıq görmənin yayılmış səbəblərindən biri kataraktadır – bu, göz linzasında yaranan bulanıqlıqdır. Katarakta yaşlanmanın normal bir hissəsi olaraq meydana gəlir. Linzadakı zülallar zamanla parçalanır və bir araya gələrək görmənin bulanmasına səbəb olur.
Yaş artdıqca kataraktın inkişaf riski də yüksəlir. ABŞ-də 80 yaşdan yuxarı insanların yarısından çoxunda ya katarakta var, ya da əməliyyatla çıxarılıb. NIH-də göz cərrahı Dr. Chantal Cousineau-Krieger bildirir: “Kifayət qədər uzun yaşayan hər kəs katarakta ilə qarşılaşır.”
Bəzi insanlar daha erkən yaşda katarakta inkişaf etdirə bilər. Siqaret çəkmək və günəş işığına çox məruz qalmaq riski artırır. Həmçinin bəzi göz əməliyyatları, yaralanmalar və bəzi dərmanlar da katarakta səbəb ola bilər.
Kataraktanın simptomları
Katarakta ilk mərhələdə əlamətlər göstərməyə bilər. Zaman keçdikcə aşağıdakı simptomlar müşahidə edilə bilər:
-
Görmənin bulanıq və ya dumanlı olması
-
Rənglərin solğun görünməsi
-
Gecələr görmənin çətinləşməsi
-
Lampalar, günəş işığı və farların çox parlaq görünməsi
-
İşıq mənbələrinin ətrafında halo görünməsi
-
Eyni obyekti ikiqat görmə
Bu simptomlar digər göz problemlərinin də əlaməti ola bilər. Görmə problemləri hiss edilərsə, mütləq göz həkiminə müraciət etmək lazımdır.
Müalicə və qarşısının alınması
Yüngül katarakta üçün böyüdücü linza və parlaq işıqlar evdə görməyə kömək edə bilər. Günəş eynəkləri isə parıltını azaldaraq xaricdə görməni yaxşılaşdırır.
Gündəlik fəaliyyətə mane olacaq qədər irəliləmiş katarakta isə cərrahi əməliyyatla müalicə olunur. Cərrahlar ultrasəs və ya lazer texnologiyası ilə buludlu linzanı parçalayır və onun yerinə yeni plastik linza yerləşdirirlər.
Dr. Cousineau-Krieger bildirir: “Katarakta əməliyyatı zamanı xəstələr oyaq qalır, lakin rahat olmaları üçün lazımi dərmanlar verilir. Bu, ağrısız bir prosedurdur və bərpa prosesi asandır. Əksər xəstələr əməliyyatdan ertəsi gün görmələrinin yaxşılaşdığını görürlər”.
Hazırda NIH tərəfindən maliyyələşdirilən tədqiqatlar, göz zülallarının yığılmasını və kataraktanın yaranmasını daha yaxşı anlamağa yönəlib. Məqsəd kataraktanın qarşısını ala biləcək və ya hətta onu geri çevrilə biləcək dərmanlar hazırlamaqdır.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az