“Məhsullarımız ilk olaraq ailəmiz tərəfindən test olunur, əgər onlar razılıq verərsə, satışa çıxarılır”
“Məhsullarımız ilk olaraq ailəmiz tərəfindən test olunur, əgər onlar razılıq verərsə, satışa çıxarılır”

“Təbii olmayan məhsulun “Hazel”də satışı həyata keçirilə bilməz”.

“Öz evimizdə istifadə etməyəcəyimiz məhsulun satışını heç vaxt həyata keçirmirik”.

İçdiyimiz çayın yanında nəsə axtarırıq. Çərəzləri, quru meyvələri, xüsusilə də şokoladları çox sevən millətik. Bu məhsullar çayımızın yanına çox gözəl yaraşır. Bəs bunu daha sağlıqlı şəkildə necə edə bilərik ki, həm zövq alaq, həm də təbii məhsullardan istifadə edək? 

Bunun üçün E-saglam.az saytı 60 illik tarixə malik bir şirkətin alt brendi olan “Hazel” ilə müsahibə edib. “Hazel” brendi Azərbaycanda tərkibində palma yağı olmayan, Belçika xammalı ilə premium şokolad istehsalı edən yeganə brenddir. 

E-saglam.az-ın suallarını “Hazel”in həmtəsisçisi Elxan Sultanlı cavablayıb.

- İlk olaraq “Hazel” brendinin yaranmasından danışaq. Necə yarandı, bazara necə daxil oldu?

- Bizim təsisçilərin istehsal keçmişi daha irəli illərə dayanır. “Hazel”dən daha öncə də sırf bizim satdığımız məhsulların - quru meyvə, xüsusilə də şokalad istehsalı ilə məşğul olublar. Uzun müddət “Balakan foods” adı ilə Zaqatalada fəaliyyət göstərən zavodumuz var, bütün məhsullarımız orada istehsal olunur və oradan Bakıya gəlir. Biz burada onun satışını həyata keçiririk. Bakıda bir neçə nöqtədə həmin məhsulların satışı həyata keçirilir. Onların içərisində satışı həyata keçirən ən böyük brend “Hazel” sayılır. “Hazel” “Balakan foods”un alt brendi kimi yaranıb. “Balakan foods” 1964-cü ildən etibarən fəaliyyət göstərən zavoddur. Müxtəlif zamanlarda - sovet dövrü və digər zamanlarda bir neçə dəfə fərqli təsisçilər təfəfindən idarə edilib. Sonda bizim təsisçilərdən biri “Balakan foods”un sahibinə çevrilib. Hazırda, Bakı şəhərində 3 filialımız var, əsas filialımız isə Zaqataladadır və mövcud olan ən böyük filialımızdır. Bir neçə nöqtələr var ki, bu il ərzində orada da filial açmağı planlaşdırırıq.

- Müştəriləriniz qiymətlərinizdən razıdır? 

- Biz tamamilə təbii, xammalı Belçikadan olan, xüsusilə də tərkibində palma yağı olmayan məhsullar istehsal edirik. Məqsədimiz daha çox təbiilik üzərindədir. Düzdür, bizim qiymətlər hər nə qədər bazara uyğun olsa da, bu qiymət bir qədər bazar ortalamasının üzərinə çıxa bilər. Nadirən də olsa, müştərilərdən geridönüşlər alırıq ki, qiymətləriniz bazar ortalamasına görə bahadır. Məhsulun tərkibi təbii olduqda, saxlama müddəti avtomatik olaraq azalır, paralelində istehsal gücü də azaldığına görə bu zaman maliyyət yuxarı qalxır.

- Alternativ markalarla əsas fərqiniz nələrdir?  

- Bazarda premium seqmentdə bütün alternativ şokolad markalarına baxsanız, qiymətləri bizdən 3-4 dəfə daha çoxdur. Biz onlara nisbətdə daha uyğun qiymətə satırıq. Standart saxlama müddəti 1 il və daha üzəri olan şokaladlarla bizim şokaladlar arasında sözsüz ki, fərq olmalıdır. Oradakı fərq də özünü keyfiyyətdə göstərir. Maksimum keyfiyyətlə, minimum qiyməti tənzimləməyə çalışırıq. 

- Niyə məhz “Hazel”? 

- Hazel ingilis dilindən tərcümədə fındıq deməkdir. Bizim zavodumuz Zaqatalada olduğuna və Azərbaycan çərəz, quru meyvə bazarında fındıq istehsalçısı kimi tanındığına görə, bu ad seçilib. Dünayada fındıq istehsalına görə, Azərbaycan ilk üçlükdədir. Söhbət təbii ki, sağlam və keyfiyyətli fındıqdan gedir. Məhz onu nəzərə alaraq adı “Hazel” olaraq seçilib.  

- "Hazel"in brendləşməsi üçün nə qədər zaman lazım oldu?

- Brendin bazarda öz payını tutması üçün ortalama 5-10 il arası zaman lazım olur. Düşünürəm ki, biz hazırda elə bu prosesin içindəyik. Brendləşmək və insanlarda hazel brendi ilə bağlı fikir formalaşdırmaq üçün təbii və digər resursları cəmləmək üçün maksimum əlimizdən gələni edirik. Hələ də buna müəyyən büdcə ayrılır, addımlar atılır. Brendləşmə üçün təxminən 4 ilə yaxın bir zaman sərf olunub. Xüsusilə də, son 6 ayda daha intensiv bazara giriş strategiyalarını tamamilə dəyişdik.

- Əsas müştəriləriniz kimlərdir?

- Bizim müştəri kontingentimiz, yəni müştərini sinifləndirə bilsək, konkret olaraq bir sinif yoxdur. Çünki qiymətlərimizdə bütün müştəri kontingentlərini nəzərə almışıq. Korporativ müştərilərimiz də var. Bunların sayı təxminən 100-ə yaxındır və artmaqda da davam edir. Sadəcə olaraq, korporativ müştərilərin aktiv olduğu dövr var. İl ərzində iki dəfə pik həddini yaşayır. Birincisi, Yeni il, ikincisi isə Novruz bayramıdır. Bizim müştərilərimizin ortalama yaşı 14-dən başlayır, 60 yaşa qədər davam edir. Təkcə bir filialda deyil, bütün fililarımızda eyni axın var.

- Məhsul seçimini necə aparırsınız və nələrə üstünlük verirsiniz? 

- Təsisçilər olaraq qərarımız budur ki, nə olursa-olsun, ancaq təbii məhsullar satmalıyıq. Təbii olmayan məhsulun “Hazel”də satışı həyata keçirilə bilməz. Bu bizim qırmızı xətlərimizdən biridir. Ona görə də, bazarda olan məhsulların təbiiliyə çox önəm veririk. Bununla bağlı bir nüansı nəzərinizə çatdırım ki, bizdə bir müddət bal satışı tamamilə dayandırıldı. Çünki təbii bal tapmaq mümkün deyildi. Bazarda bal varıydımı? Təbii ki, tonlarla bal var idi. Lakin onlar da hər kəsin bildiyi kimi, müxtəlif qatqılarla istehsal edilən ballar idi. Biz tam təbiiliyinə əmin olmadığımız balı istehsalçıdan almırdıq və satışını həyata keçirmirdik. Nə olursa-olsun inandığımız və təbiiliyinə güvəndiyimiz istehsalçılardan alırdıq. Eyni zamanda, bunlar quru meyvə, çərəz və şokaladlarımızda da özünü göstərir. Hətta tonlarla tələbat olsa belə, biz təbiiliyinə əmin olmadığımız məhsulu “Hazel” brendi olaraq bazara çıxartmırıq.

- Məhsulların keyfiyyətini müştərilər necə müəyyən edə bilərlər? 

- Misal üçün, Azərbaycanda balla bağlı belə bir fikir var ki, xarlayan bal keyfiyyətli deyil. Bu tamamilə yanlışdır. Keyfiyyətli bal sürətli xarlamalıdır. Əgər o, istidə qalırsa, bu proses daha sürətli baş verir. Belə ki, bal 20 dərəcələrdə sürətli şəkildə xarlamağa başlayır. Misal üçün, biz onu çərəzlərdə görürük. Bəzən müştəri çərəz alıb hədiyyə aparmaq istədikdə, xüsusilə qozda qaralma görür və deyir ki, bu qaralma nəyə görə var? Amma x brenddən alırıq, orada tamamilə sarı rəngdədir, gözəgəlimlidir, böyükdür və s. Ümumilikdə böyük olan çərəzlər böyük meyvə-tərəvəzlər kimi geni dəyişdirilmiş olur. Xüsusilə də qozda qara nöqtələr varsa, bu onun təbiiliyinin göstəricisidir. Nəinki, tam sarı olması və s. Biz də çalışırıq ki, ticari tərəfdən gözə yaxşı görünmə nöqtəsi də olsun, amma qaralma və digər nüanslar ciddi təsir göstərir.

- Bir çərəzin müxtəlif qiymətləri olur. Misal üçün, badamın kilosu 15-20 manat civarından başlayır, üzüyuxarı gedir. Qiymət necə müəyyənləşdirilir? 17-18 manata olan badamla 30 manatdan yuxarı olan badamın keyfiyyət, vitamin dəyəri arasında fərq olurmu?

- Qiymətin vitamin dəyəri ilə birbaşa qaşılaşmaşı yoxdur. Bunun bazarda ticari tərəfi var. Belə ki, hansı məhsul daha yaxşı görünürsə, o məhsul daha baha satılır və müştərilər tərəfindən daha çox tələb olunur. Məhsulun yaxşı görünüşə malik olması onun keyfiyyətli olması demək deyil. Geni dəyişdirilmiş də ola bilər. Bir istehsalatda 1 ton badam olursa, bunun içərisində maksimum 50 kq gözə yaxşı görünən məhsul olur və o ayrılır. Amma bu o demək deyil ki, qiymət qalxdıqca keyfiyyət də qalxır. 

- Çiy, yoxsa qovrulmuş çərəzlərə daha çox üstünlük verilir?

- Ümumilikdə, çərəz bazarında qovrulmuş və çiy olmasına görə, qiymətlər iki cür dəyişir. Bu da müştərinin ağız dadına görə, öz seçimidir. Misal üçün, Novruzda qovrulmuş çərəzlərin istifadəsi artır, çünki dadı və duzluluğunu daha çox bəyənirik. Amma vitamin daha çox çiy çərəzlərdə - badam, fındıq, keşu və digərlərində olur. Çünki çərəzlər qovrulduqda istiylə təmas edir və orada müəyyən reaksiyalar baş verir ki, bu da onun keyfiyyət nisbətinə təsiri göstərir.  

- Bir ara mediada xəbər çıxdı ki, bəzi çərəzlərə təkər yanığı ilə rəng qatırlar. Burada doğruluq payı nə qədərdir? 

- Biz insan sağlamlığı üçün zərərli təsirlərdən istifadə etmədiyimizə görə, bununla bağlı bir fikrim yoxdur. Məncə, absurd fikirdir. Çünki Azərbaycanda qara kişmişin aylıq satışı təxminən 100 tona yaxınlaşır. Mart ayında Novruza görə bu say daha da artıq olur. Amma bu qədər kişmişi qaraltmaq üçün təkəri tapmaq da ayrı bir sualdır. Orada daha başqa nüanslar ola bilər. 

- Tələbat daha çox çərəzlərə, yoxsa şokoladlaradır?

- Biz daha ağırlıqlı şokalad istehsal etdiyimizə və müştərilərimiz də şokalada xüsusi marağı olan insanlar olduğuna görə, ən çox şokalad satışı edirik. Amma bununla yanaşı, çərəz alan müştərilərimiz də kifayət qədərdir. Sadəcə olaraq keyfiyyətli, orqanik çərəz bazar ortalamasında  baha olduğuna görə, insanlar işi sırf çərəz alış-satışı olan mağazalara daha çox müraciət edirlər. Söhbət sadəcə çərəz almaq istəyən və çərəzin bazar qiymətini bilən insanlardan gedir. 

- Məhsullarınıza xüsusi yanaşmanız nədən ibarətdir?

- Bizim xüsusi hazırladığımız xurma qurusu (karolyok) var, onun həm halqa, həm də dilimlənmiş formasını qurudub satışı ilə məşğul oluruq. Türkiyə, Ərəbistan, Yaponiya və digər ölkələrə ixrac edirik. Ölkədə bu bazar üzrə ən böyük istehsalçı və ixracatçı sayılırıq. Bəzi çərəzlər var ki, onları topdan olaraq gətizdiririk, həmçinin bazardan da alırıq. Təbiiliyinə tam əmin olduqdan və keyfiyyət testindən keçdikdən sonra biz onu satışa çıxarırıq. Bir məhsul gəlirli olsa da, onu test edib təbiiliyinə əmin olmadan satışa çıxarmırıq. Mütləq o keyfiyyət testindən keçməlidir. Biz nə olursa-olsun, öz evimizdə istifadə etməyəcəyimiz məhsulun satışını həyata keçirmirik. Bu bizim təsisçilər arasında ən önəm verdiyimiz şeylərdən biridir. Müəyyən laborator testlərdən keçdikdən və standartlar bəlli olduqdan sonra o məhsuldan bir neçə kiloqram ilk olaraq ailəmiz tərəfindən test olunur. Əgər onlar da razılıq verərsə, satışa çıxarırıq.

- Qarşıdan Novruz bayramı gəlir. Bununla bağlı hansı hazırlıqlar gedir? 

- Bununla bağlı, hazırda aylıq standart satış həcminin 3 dəfə daha çoxu qədər stokumuz var. Məhsullarımız təbii olduğuna görə, bunun arxa tərəfdə istehsalını gücləndirmişik. İstehsalı çatdıra bilmək üçün əməkdaş sayını 4 dəfə artırmışıq. Bayramlarda adətən belə olur. Ciddi hazırlıq görmüşük, məhsul çeşidliliyini artırmışıq. Adətən bayram dönəmində digər şirkətlər daha az ehtiyac olan məhsulların stokunu maksimum bitirməyə çalışır. Bizdə qətiyyən elə bir şey yoxdur. Çalışırıq ki, məhsullarımız ən son istehlakçıya qədər tam təbii şəkildə çatsın. Bizim məhsulların saxlama müddəti 5-6 ay, 1 il deyil. 3, hətta 1 aydan az saxlama müddəti olan şokaladlarımız var ki, onları belə həftəlik götürürük. Əgər hansısa bir məhsulda boyatlama varsa, onu ümumiyyətlə stokdan çıxarırıq. Çalışırıq ki, müştəriyə maksimum yeni məhsul verək. Bunun üçün də bütün məhsullarımızı vakum şəraitində saxlayırıq. 

- Müştəriləriniz üçün xüsusi endirimləriniz varmı? 

- Əməkdaşlıq etdiyimiz şirkətlərdən müraciət edən müştərilərimiz üçün ciddi endirimlərimiz olur. Müəyyən zamanlarda endirim kampaniyaları edirik, o da böyük məbləğdə alış-veriş zamanı 15 faiz olur. Lakin, E-saglam.az saytı vasitəsilə müraciət edənlər olarsa, hətta, az məbləğdə alış-veriş etsələr belə, biz onlara 20 faiz endirim sözünü veririk.

Könül Oruc

E-saglam.az