Qatıq alarkən qablaşdırmanın üzərində yazılan "təbii" ifadəsinə deyil, məhsulun tərkibinə diqqət yetirmək lazımdır.
E-saglam.az xəbər verir ki, diyetoloq və qidalanma mütəxəssisi Sofiya Kovanovanın sözlərinə görə, sağlam qatıq minimum tərkib hissələrindən ibarət olmalıdır.
Mütəxəssis bildirir ki, keyfiyyətli qatığın tərkibində əsasən yalnız süd və faydalı bakteriya kulturları olmalıdır. Məhsulda əlavə şəkər, şərbətlər, dadlandırıcılar və çoxsaylı qida əlavələrinin olmaması üstünlük hesab edilir.
Qatıq seçərkən zülal və şəkər miqdarına da diqqət yetirmək vacibdir. Dietoloqun sözlərinə görə, 100 qram məhsulda ən azı 3–4 qram zülal, şəkər isə 4–5 qramdan çox olmamalıdır. Tərkib siyahısı nə qədər qısa olarsa, məhsulun təbii olma ehtimalı da bir o qədər yüksəkdir.
Sofiya Kovanova qeyd edir ki, müxtəlif şirin əlavələr, müsli, şokolad topları və digər içliklərlə satılan qatıqlar əslində daha çox desert hesab olunur. Belə məhsullar klassik qatığın sağlamlıq baxımından təqdim etdiyi faydaları vermir.
Diyetoloq istehlakçılara qatıq alarkən reklam şüarlarına deyil, məhsulun tərkibi və qida dəyəri barədə məlumatlara diqqət yetirməyi tövsiyə edir.
Tərcümə: Könül Oruc