
Laboratoriya şəraitində istehsal olunan ətin halal olub-olmaması uzun müddətdir müzakirə mövzusudur. ABŞ-ın San-Fransisko şəhərində yerləşən “Eat Just” şirkəti bu məsələ ilə bağlı üç İslam aliminə müraciət edib. Nəticədə, əgər istifadə olunan kök hüceyrələr halal qaydalara uyğun mənbədən əldə olunarsa, bu cür ətin istehlak edilə biləcəyi qənaətinə gəlinib.

E-saglam.az xəbər verir ki, islam alimlərinin fikrincə, laboratoriya ətinin halal sayılması üçün hüceyrə xətti İslam şəriətinə uyğun kəsilmiş heyvandan götürülməlidir. Sertifikatlaşdırma prosesinin mürəkkəbliyi isə müxtəlif ölkələrdə dini qurumların fərqli mövqeyindən qaynaqlanır.
Good Food İnstitute təşkilatının rəhbəri Mirte Gosker bildirir ki, verilən bu qərar dərhal bütün məhsulları halal etmir, lakin kommersiyalaşdırma üçün mühüm addımdır. Bitki əsaslı alternativlərdən fərqli olaraq, bu ət bioreaktorlarda heyvan hüceyrələrindən hazırlanır.
“Eat Just” şirkətinin rəhbəri Josh Tetrick bildirib ki, halal istehsal məsələsinə ciddi yanaşacaqlar. Onun sözlərinə görə, xüsusilə Səudiyyə Ərəbistanı və Asiya ölkələrində bu məhsula böyük maraq var. Məqsəd texnologiyanı əlçatan etmək və halal ət istehlak edən 2 milyard insana da bu alternativi təqdim etməkdir.
Tərcümə: Könül Oruc