“Kök hüceyrə sahəsində 10 il əvvəl 3 milyard olan investisiya 50 milyard dollara çatıb”
“Kök hüceyrə sahəsində 10 il əvvəl 3 milyard olan investisiya 50 milyard dollara çatıb”

“Son illərdə kök hüceyrə və hüceyrəsəl məhsulların tətbiq sahələri genişlənib”.

Bu sözləri E-saglam.az -a açıqlamasında "Beynəlxalq Kök hüceyrə və Regenerativ Tibb Konqresi"ndə "Stemcell School"-un qurucusu Sənan Quliyev deyib. 

Onun sözlərinə görə, Amerika, Avropa və Şərqi Asiya ölkələrində kök hüceyrə tətbiq sahələri günü-gündən artır: “Və böyük farm industriyası və laboratoriyalar buna investisiyalarını getdikcə artırır. 10 il əvvəl təxminən 3 milyard olan investisiya 2024-cü ilin əvvəlində artıq 50 milyard dollara çatıb. Bu sahə tibb sahəsinin günü-gündən inkişaf edən yeni bir sahəsidir”.

S. Quliyev bildirib ki, bu sahədəki məlumatsızlıq və səhv tətbiqlərin qarşısını almaq, həkimləri doğru şəkildə məlumatlandırmaq üçün ildə bir dəfə qlobal şəkildə konqres keçirilir: “Bununla yanaşı, il ərzində bir neçə dəfə həkimlər üçün masterklaslar edirik. Kök hüceyrənin əldə olunma forması, kök hüceyrənin başqa yan məhsulları, yaralarda istifadə olunan amniyotik membranlar, qığırdaq toxumaları və s. kimi hüceyrəsəl məhsullar və bunların tətbiq sahələri bu sahədə uzun illər təcrübəsi olan həkimlər tərəfindən tədris edilir”. 

O, vurğulayıb ki, “Stemcell School” 2 ildən artıqdır planlanan və ötən ilin sonlarında qurulan bir oflayn tədris platformudur: “Türkiyədə konfranslar və masterklaslar keçirmişik. Lakin beynəlxalq konfransı ilk dəfə Bakıda etdik. Kök hüceyrənin tətbiq olunduğu bütün sahə həkimlərini, plastik cərrahiyyə, dermatologiya, oftalmologiya, onkologiya, nevroloji xəstəliklər, beyin-sinir cərrahiyyəsi, travmotologiya, ginekologiya və urologiya üzrə həkimləri bir araya gətirərək ümumi bir beynəlxalq konfrans həyata keçirdik”.

S.Quliyevin sözlərinə görə, bundan sonrakı konfranslar ildə bir dəfə qlobal şəkildə Dubay, Bakı, İstanbul, Antalya, Macarıstan və Orta Asiyanın bəzi şəhərlərində və s. keçirilməsi planlanıb.

Konfransın rəsmi agentliyi: "Konora Events" şirkəti.

Konfransın media dəstəyi: E-saglam.az səhiyyə portalı.

Könül Oruc

E-saglam.az