
Şəkərli içkilərlə saç tökülməsi arasında əlaqə ola bilər.

E-saglam.az xəbər verir ki, Daily Mail-ə danışan Ağciyər və Reanimasiya Mütəxəssisi Dr. Neena Çandrasekaran kişilərə xəbərdarlıq edir ki, soda və enerji içkilərinin həddindən artıq istehlakı kişilərdə saç tökülməsinə və narahatlığa səbəb ola bilər.
Doktor əlavələrlə zəngin olan şəkərli içkilərin orqanizmdəki hormon balansını poza biləcəyini bildirib: "Yüksək kofein tərkibi stress hormonu olan kortizol səviyyəsini artırır, həddindən artıq şəkər isə zəif qan dövranı və iltihabla əlaqələndirilir ki, bu da saç follikullarını zəiflədə və saç tökülməsini artıra bilər. Yüksək kortizol səviyyəsi və şəkərin birləşməsi narahatlıq hisslərini gücləndirə və sinir sistemini həddən artıq stimullaşdıra bilər".
Doktor artan stressin saç tökülməsinə səbəb ola biləcəyini vurğulasa da, bu əlaqəni təsdiqləmək üçün daha çox araşdırmaya ehtiyac olduğunu qeyd edir.
Gündə ən az bir dəfə şəkərli içki içən kişilər daha yüksək risk altındadır
Keçmiş elmi araşdırmalar göstərib ki, gündə ən azı bir dəfə şəkərli içki qəbul edən kişilərdə saç tökülməsi riski daha yüksəkdir. 2023-cü ildə Çində aparılan bir araşdırma göstərdi ki, həftədə 7 dəfə şəkərli içkilər qəbul edən kişilərdə saç tökülməsi riski 3 dəfə artıb. Mütəxəssislər saç tökülməsinin bir çox amillərdən asılı olduğunu və çox faktorlu bir proses olduğunu vurğulayırlar.
Həkimin sözlərinə görə, kişilərdə saç tökülməsi çox vaxt genetik irsiyyət və saçın həyat dövrünü sürətləndirən kişi hormonlarının təsiri ilə bağlıdır.
Müəyyən sayda dövrlərdən sonra saç böyüməsi dayanır. Fransız kosmetika markasına görə, kişilərdə saç tökülməsinin daha çox irsi xarakter daşıdığı və androgenik alopesiyanın kişilərin təxminən 70%-nə təsir etdiyi bildirilir. Ancaq şəkərli içki istehlakı tək başına saçların vaxtından əvvəl tökülməsini izah edə bilməz. Bu pis vərdiş çox vaxt pis həyat tərzinin bir hissəsidir (siqaret çəkmək, spirtli içki qəbul etmək, oturaq həyat tərzi və s.).
Buna görə də sağlam və balanslı bəslənmənin, siqaret çəkməməyin və müntəzəm fiziki fəaliyyətin əhəmiyyəti aydın olur. Zülal, sink (istridyə, dəniz məhsulları, yumurta sarısı) və dəmir (qırmızı ət) ilə zəngin qidalar istehlak etmək tövsiyə olunur. Yağlarda olan əsas yağ turşularının adekvat miqdarda istehlak edilməsi də vacibdir.
Tərcümə: Könül Oruc