Tibbi xəbərlər
Kimlər bitki çaylarını ehtiyatla içməlidir?
Tibbi xəbərlər
18

Kimlər bitki çaylarını ehtiyatla içməlidir? Mütəxəssisdən xəbərdarlıq

Bitki çayları bir çox insan tərəfindən faydalı və zərərsiz içki kimi qəbul edilir. Lakin onların tərkibində bioloji aktiv maddələr olduğu üçün bəzi insanlarda yan təsirlərə səbəb ola və qəbul edilən dərmanlarla qarşılıqlı təsir göstərə bilər.

E-saglam.az xəbər verir ki, biotexnoloq Yelena Jelyaninanın sözlərinə görə, hamilə və süd verən qadınlar bitki çaylarını müntəzəm və yüksək miqdarda qəbul etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər. Uşaqlara bitki mənşəli çay və preparatların verilməsi zamanı da ehtiyatlı olmaq lazımdır.

Xroniki xəstəlikləri olan insanlar da bitki çaylarını nəzarətsiz qəbul etməməlidirlər. Məsələn, bəzi bitkilərin tərkibindəki maddələr qan təzyiqinə təsir göstərə və hipertoniya üçün qəbul edilən dərmanların təsirini dəyişə bilər.

Qaraciyər və böyrək xəstəlikləri, eləcə də autoimmun xəstəlikləri olan şəxslərə bitki mənşəli preparatları həkimlə məsləhətləşmədən qəbul etmək tövsiyə edilmir. Çünki bəzi bitkilərin tərkibindəki aktiv maddələr orqanizmdə müxtəlif reaksiyalara səbəb ola bilər.

Mütəxəssis çobanyastığı çayına da ehtiyatla yanaşmağı tövsiyə edir. Çobanyastığı bəzi insanlarda ürəkbulanma, başgicəllənmə və allergik reaksiyalar yarada bilər. Xüsusilə ambroziya, xrizantema və eyni bitki ailəsinə daxil olan digər bitkilərə allergiyası olan şəxslər daha diqqətli olmalıdır.

Hamiləlik və südvermə dövründə yüksək miqdarda çobanyastığı qəbulunun təhlükəsizliyi barədə kifayət qədər məlumat yoxdur. Buna görə də bu dövrdə bitki çaylarını müntəzəm və böyük miqdarda qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək daha doğrudur.

Mütəxəssislər vurğulayırlar ki, “təbii” olması bitki çayının hər kəs üçün tamamilə təhlükəsiz olduğu anlamına gəlmir. Xüsusilə xroniki xəstəliyi olan və müntəzəm dərman qəbul edən şəxslər hər hansı bitki mənşəli məhsulu istifadə etməzdən əvvəl həkim və ya əczaçı ilə məsləhətləşməlidirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun