Keçibuynuzu bitkisinin
Keçibuynuzu bitkisinin

Keçibuynuzunun yetişmiş meyvələrinin toxumları uzun müddət içərisinə su keçirmədiyindən ağırlığını dəyişməyən nadir toxumlardır.

Toxumlarının eyni forma və çəkidə olması onun lap qədim zamanlardan qiymətli daşları və metalları çəkmək üçün kiçik ölçülü çəki daşı əvəzi istifadə edilməsinə səbəb olub. O vaxtdan indiyə qədər qiymətli daşların və metalların ölçülməsində istifadə edilən çəki vahidi karat – 0,189 qram 1 ədəd keçibuynuzu toxumunun ağırlığına bərabərdir. Ərəblər çəki vahidi dirhəmi (3 qram) ölçmək üçün 16 ədəd keçibuynuzu toxumundan istifadə edilirdi.

Keçibuynuzu ağacının qərtanının əsrlər boyu torpağın dərin qatlarında qalmasından zərgərlikdə və tibdə istifadə edilən kəhraba əmələ gəlir.

Keçibuynuzu orqanizmdə ağciyər xərçənginin qarşısını alan ən önəmli faktorlardan olan OGG1 (8-Oxo Guanine DNA Glycosylase) fermentinin aktivliyini və sintezini artıraraq həmin xəstəliyə tutulma riskini azaldır. Həmin fermentin ağciyər xərçəngindən qorumaqla yanaşı həm də DNT-də baş verən zədələnmələri bərpa etmək xüsusiyyəti var. Siqaretçəkmə bu fermentin aktivliyinin azalmasında əsas səbəblərdəndir.

Keçibuynuzu meyvələri bağırsaqlarda patogen mikroorqanizmlərin miqdarını azaldaraq normal bağırsaq florasına daxil olan laktobakteriyaların koloniyalarının inkişafına şərait yaradır, orqanizmdən ağır metal duzlarının və radioaktiv maddələrin xaric olmasını asanlaşdırır, pektin maddələr hüceyrə membranının – xüsusilə bağırsağın selikli qişa hüceyrələrinin yenidən qurulmasını təmin edir.

Bundan başqa güclü antioksidant təsir göstərir, sərbəst radikalların orqanizmdən xaric olunmasını sürətləndirir, iltihab mediatorları olan sitokinlərin və histaminin sintezini ləngidərək iltihab əleyhinə və antiallergik təsir göstərir. Bu səbəbdən ondan astma və bronxit zamanı tənəffüs yollarını genişləndirmək üçün istifadə olunur.

Keçibuynuzu qanda zərərli olan aşağı sıxlıqlı xolesterinin miqdarını azaldır, yüksək molekullu xolesterinin səviyyəsini isə artırır. Maraqlıdır ki, tam yetişmiş meyvələri qəbizliyin qarşısını aldığı və bağırsaqlar vasitəsilə toksinlərin xaric olmasını asanlaşdığı halda, keçibuynuzunun kal meyvələri büzücü təsirli tanin maddəsi hesabına ishalın qarşısını alır. Toxumların üyüdülməsindən əldə edilən unun tərkibində qlüten olmadığından seliakiya xəstəliyindən əziyyət çəkənlər ondan rahatlıqla istifadə edə bilərlər.

Keçibuynuzu kişi cinsi hüceyrəsinin hərəkətliyini və fermentativ aktivliyini yüksəldərək yumurta hüceyrə membranını əridib içəri keçməsini və mayalandırma qabiliyyətini artırır. Çiy keçibuynuzu meyvələrinin tərkibində prostat vəzin xoşxassəli böyüməsinə - adenomaya səbəb olan alfa-5-reduktaza fermentinin aktivliyini azaldan palmitin və stearin turşuları mövcuddur.

Tərkibində kofein, feniletilamin, oksalatlar və xolesterin kimi maddələr olmadığından keçibuynuzu meyvələrindən hazırlanan məhsulları ürək damar sisteminin, podaqra, oksalaturiya, miqren, böyrək daşı kimi xəstəlikləri olanlar rahatlıqla istifadə edə bilərlər. Allergiyaya meyilli uşaqlara keçibuynuzu meyvələrindən hazırlanmış şokolad verilə bilər.

Keçibuynuzu meyvəsinin toxumlarının üyüdülməsindən əldə edilən unun tərkibindəki polisaxarid-qalaktoman öz kütləsindən 17 dəfə artıq maye saxlayaraq həcmini artırmaq xüsusiyyətinə malikdir və buna görə qida sənayesində E410 – qida əlavəsi kimi istifadə edilir.

Keçibuynuzu həzm olunmamış qidaları, oksidləşmiş xolesterini, şlak və toksinləri özünə hopduraraq bağırsaqlardan dəyişikliyə uğramamış şəkildə xaric edir. Mədəyə düşdükdən sonra həcmini artırdığından, həm də aclıq hissi yaradan qrelin peptidinin miqdarını azaltdığından toxluq hissi yaradır. Bu xüsusiyyətinə əsasən artıq çəkidən əziyyət çəkənlərin menyusuna daxil edilir.

Keçibuynuzu meyvələrinin tərkibində bol miqdarda fruktoza, qlükoza, saxaroza kimi karbohidratların olmasına baxmayaraq çiy halda yeyildiyində və dəmləməsi istifadə edildikdə qan şəkərini yüksəlməməsi tərkibindəki qan şəkərini tənzimləyən maddələrlə əlaqədardır. Keçibuynuzu bəkməzi hazırlananda uzun müddət qaynadıldığından həmin maddələr parçalanır və bəkməzin qəbulu zamanı qan şəkərini yüksəltdiyinə görə istifadə edən zaman diqqətli olmaq lazımdır.

Reseptlər

Ağciyər ödeminə qarşı

Qaynayan yarım litr suya 6-7 ədəd xırda doğranmış keçibuynuzu meyvəsi əlavə edilir, ağzı bağlı şəkildə 5 dəqiqə vam ocaqda qaynadılır, ocaqdan götürərək 15 dəqidə dəmlənir və içərisindən meyvələr çıxarılır. Dəmləmə 3 yerə bölünür, səhər, günorta və axşam acqarına qəbul edilir.

Sperma sayını, hərəkətliyini və mayalandırma qabiliyyətini artırmaq üçün

Qaynayan 500 ml suya xırdalanarq 6-7 ədəd keçibuynuzu meyvələri əlavə edilir, 3 dəqiqə vam ocaqda qaynadılır. Ocaqdan götürərək 20 dəqiqə dəmlənir, süzülür. Alınan dəmləmə iki yerə bölünərək səhər və axşam acqarına qəbul edilir. Prosedur 1 həftə gündə 2 dəfə , sonrakı 3 ay aparılır və onu yalnız axşamlar qəbul etmək lazımdır.

Öskürək və təngnəfəslik zamanı

1 çay qaşığı üyüdülmüş keçibuynuzu meyvələri və ya eyni miqdarda keçibuynuzu bəkməzi 1 stəkan isti südlə qarışdırılır, gündə iki dəfə qəbul edilir.

Dəmləmə hazırlanarkən 6-8 dəqiqədən çox qaynadılmamalıdır.

Mənbə: HerbaFlora jurnalı

E-saglam.az