Qəhvə həvəskarlarının çoxu üyüdülmüş və bütöv dənə qəhvə arasında seçim edərkən içkinin dad və ətrinə təsir edən mühüm fərqləri nəzərə almır.
E-saglam.az xəbər verir ki, bu barədə "MilFoods" şirkətinin brend baristası rəhbəri Daria Soboleva bildirib.
İlk baxışda hər iki növ eyni qovrulmuş qəhvə dənəsindən hazırlandığı üçün ciddi fərq hiss olunmur. Lakin praktikada dad, ətir və hazırlanma üsulu baxımından fərqlər kifayət qədər böyükdür.
Üyüdülmüş qəhvə daha çox rahatlıq və sürət üstünlüyü ilə seçilir. O, istifadəyə hazırdır, əlavə avadanlıq tələb etmir və türk qəhvədanı, moka qabı, fransız pressi və damcı qəhvə aparatları üçün uyğundur. İstehsalçılar adətən müəyyən dəmləmə üsuluna uyğun üyüdülmə dərəcəsi seçirlər ki, bu da sabit və balanslı nəticə verir. Bu variant gündəlik istifadədə praktik və rahat hesab olunur.
Bütöv dənə qəhvə isə üyüdücü və ya daxili üyüdücüsü olan qəhvə maşını tələb edir. Onun əsas üstünlüyü təravət və daha zəngin aromadır. Dənələr dəmlənməzdən əvvəl üyüdüldüyü üçün aromatik yağlar və ətir daha yaxşı qorunur. Müasir qəhvə maşınları isə prosesi avtomatlaşdıraraq daha sabit keyfiyyət təqdim edir. Bundan əlavə, uzunmüddətli istifadə zamanı bütöv dənə qəhvə daha qənaətcil də ola bilər.
Mütəxəssisin sözlərinə görə, üyüdülmüş qəhvə sadəlik və sürətə üstünlük verənlər üçün, bütöv dənə qəhvə isə dadı idarə etmək, müxtəlif qovurma və növlərlə təcrübə aparmaq istəyənlər üçün daha uyğun seçimdir.
Tərcümə: Könül Oruc