İngiltərədə aparılan genişmiqyaslı bir araşdırma insanların həyat boyunca xoşbəxtlik səviyyələrini araşdırıb.
E-saglam.az xəbər verir ki, Dartmut Universitetinin professoru Devid G. Blançflauerin rəhbərliyi ilə aparılan tədqiqatda Avropa və ABŞ daxil olmaqla bir çox ölkədən əldə edilən məlumatlar təhlil edilib.
Araşdırmanın nəticələrinə görə, insanların özlərini ən bədbəxt hiss etdikləri yaş 49 olaraq müəyyən edilib. Bu dövrdə iş həyatı ilə bağlı stressin artması, ailə və maliyyə məsuliyyətlərinin ağırlaşması, eləcə də həyat planlarının hamısının gerçəkləşməyəcəyini dərk etmək əsas amillər kimi göstərilir. Bir çox iştirakçı bu yaşda gözləntilərlə reallıq arasındakı fərqin daha aydın hiss olunduğunu bildirib.
Mütəxəssislər qeyd edirlər ki, orta yaş böhranı adətən məhz bu dövrə təsadüf edir. Bu mərhələ psixoloji baxımdan çətin ola bilər, insan öz həyatını, qərarlarını və gələcək planlarını yenidən sorğulamağa başlayır. Lakin bu vəziyyət qalıcı deyil və əksər hallarda müvəqqəti bir mərhələ hesab olunur.
Tədqiqat göstərir ki, 50 yaşdan sonra xoşbəxtlik səviyyəsi yenidən artmağa başlayır. İnsanlar bu dövrdə daha real gözləntilər formalaşdırır, həyatla barışır və daxili dincliyə daha asan nail olurlar.
Alimlərin fikrincə, bu yaşdan sonra insanlar münasibətlərdə daha sabit olur, özlərini daha yaxşı tanıyır və prioritetlərini daha düzgün müəyyənləşdirirlər. Bu da həyat məmnuniyyətinin yüksəlməsinə səbəb olur.
Nəticə olaraq vurğulanır ki, orta yaş böhranı çətin bir mərhələ olsa da, çox vaxt daha balanslı, daha şüurlu və daha xoşbəxt bir həyatın başlanğıcı ola bilər.
Tərcümə: Könül Oruc