Qastroenteroloq Natalya Slyunyaeva bildirib ki, gündəlik istifadə etdiyimiz bəzi qidalar həddindən artıq qəbul edildikdə sağlamlığa ciddi zərər verə bilər.
E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, bu təsir çox vaxt yavaş və hiss olunmadan inkişaf edir.
Mütəxəssis şəkər və şirniyyatları əsas risk mənbələrindən biri kimi göstərib. Bu qidalar insulin səviyyəsində kəskin dəyişikliklərə, xroniki iltihaba və yağlı qaraciyər xəstəliyinin inkişafına səbəb ola bilər. Emal olunmuş ətlər, o cümlədən kolbasa və vetçina isə tərkibindəki nitritlər və konservantlar səbəbindən bağırsaq sağlamlığına mənfi təsir göstərir və xərçəng riskini artırır.
Həkim marqarin və sənaye üsulu ilə hazırlanan bişmiş məhsulların da zərərli olduğunu vurğulayıb. Bu məhsulların tərkibində olan trans yağlar qan damarlarına və maddələr mübadiləsinə mənfi təsir edir. Qablaşdırılmış şirələr də təhlükəli hesab olunur, çünki onların tərkibində lifsiz yüksək miqdarda şəkər olur və bu da qaraciyərin yağlanmasına səbəb ola bilər.
Slyunyaeva əlavə edib ki, alkoqol istifadəsi də orqanizm üçün ciddi risklər yaradır. Bu, sistemik iltihab, qaraciyər zədələnməsi və xərçəng riskinin artması ilə əlaqələndirilir.
Mütəxəssis tövsiyə edir ki, bu cür qidaların qəbulu məhdudlaşdırılmalı, rasion daha balanslı və sağlam məhsullarla zənginləşdirilməlidir.
Tərcümə: Könül Oruc