İmtahan dövründə yaşanan narahatlıq şagird və tələbələrin performansına mənfi təsir göstərən əsas faktorlardan biridir. Mütəxəssislər bildirirlər ki, imtahan həyəcanı yaddaş zəifləməsi, diqqət pozuntusu, özünə inamın azalması, yuxusuzluq və iştaha dəyişiklikləri kimi psixoloji və fiziki əlamətlərlə özünü göstərə bilər.
E-saglam.az xəbər verir ki, narahatlıq adətən imtahanlara həddindən artıq əhəmiyyət verilməsi, uğurun yalnız nəticə ilə ölçülməsi və zəif dərs planlaması ilə əlaqədardır. Bu kimi hallarda düşüncə və davranış modellərinin dəyişdirilməsi, narahatlığa səbəb olan vərdişlərin tənzimlənməsi vacib sayılır.
Mütəxəssislər nəfəs alma texnikaları, xüsusilə 4-7-8 tənəffüs üsulunun və digər rahatlama texnikalarının həyəcanı azaltmaqda təsirli olduğunu vurğulayırlar. Günlük qısa gəzintilər, fiziki fəaliyyət və dərin nəfəs məşqləri imtahan ərəfəsində zehni rahatlaşdırmaq üçün tövsiyə olunur.
Valideynlərə uşaqlarını digər şəxslərlə müqayisə etmədən, hər vəziyyətdə anlayışla və dəstəkləyici yanaşmaları tövsiyə edilir. İmtahan gününü qeyri-adi şəkildə qabartmaq əvəzinə, adi bir gün kimi qarşılamaları, uşağın psixoloji rahatlığı üçün önəmlidir.
Tələbələr üçün isə çətinlik yaradan suallarda ilişib qalmamaq, həmin sualı müvəqqəti keçib digər suallarla davam etmək kimi vaxtı düzgün bölən strategiyalar narahatlığı azaltmağa və diqqəti qorumağa kömək edir.
Unutmaq olmaz ki, imtahan uğur üçün bir vasitədir, həyatın özü deyil. Narahatlığı idarə etmək isə yalnız uğurun deyil, sağlam düşüncə və həyat keyfiyyətinin də əsas şərtidir.
Tərcümə: Könül Oruc