
Zərdəçal uzun illərdir sağlamlıq üçün faydalı hesab edilir və güclü antiinflamatuar təsiri ilə tanınır. Lakin həddindən artıq qəbul edildikdə, xüsusilə yüksək dozalı əlavələr şəklində istehlak olunduqda, böyrək sağlamlığı üçün risk yarada bilər.

E-saglam.az xəbər verir ki, zərdəçalın tərkibində olan kurkuminin yüksək miqdarda qəbulu sidikdə oksalat səviyyəsini artıraraq böyrək daşlarının əmələ gəlməsinə səbəb ola bilər. Xüsusilə böyrək problemlərinə meylli şəxslər diqqətli olmalıdır. Həkimlər bildirir ki, normal miqdarda istehlak edildikdə zərdəçal böyrəklər üçün təhlükəli deyil, lakin həddindən artıq doza böyrəklərə əlavə yük yarada bilər.
Təhlükəsiz istifadə üçün tövsiyələr
- Yeməklərdə az miqdarda zərdəçal istifadə etmək ümumiyyətlə zərərsizdir.
- Əlavə şəklində yüksək dozada qəbul etməzdən əvvəl həkimlə məsləhətləşin.
- Kalsiumla zəngin qidalarla (süd məhsulları, yarpaqlı göyərti, badam) birlikdə istehlak edildikdə oksalatların bağlanmasına kömək edərək böyrək daşları riskini azalda bilər.
- Kifayət qədər su içmək, artıq oksalatların orqanizmdən atılmasına kömək edərək böyrək sağlamlığını qoruyur.
Böyrək xəstəliyi olan şəxslər zərdəçal və onun əlavələrini istehlak etməzdən əvvəl mütləq həkimə müraciət etməlidirlər. Sağlam qidalanma balanslı istehlakla mümkündür, buna görə də hər hansı bir qida əlavəsi qəbul etmədən öncə mütəxəssislə məsləhətləşmək vacibdir.
Tərcümə: Könül Oruc