Yandex watch
İdeal ev və bədən temperaturu

Evinizin çox isti və ya çox soyuq olması sağlamlığınıza zərər verə bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, alman həkim Carl Wunderlich 1860-cı illərdə təxminən 25.000 insanın hərarətini ölçdü və orta bədən istiliyinin 37 dərəcə Selsi olduğunu hesabladı. O vaxtdan bəri bu dəyər orta bədən istiliyi kimi qəbul edilmişdir.

Lakin indiki məlumatlara görə, bu rəqəm dəqiq olmaya bilər.

Müasir tədqiqatlar göstərir ki, bədən istiliyi cins, maddələr mübadiləsi, hormonlar, fiziki fəaliyyət, yaş və menstrual dövr kimi faktorlara görə insandan insana dəyişir.

ÜST-nin tövsiyəsinə görə, soyuq havalarda otaq temperaturu ən azı 18°C olmalıdır. Soyuq və rütubətli mühitlər astma, ürək xəstəlikləri, depressiya və narahatlığa səbəb ola bilər. İngiltərədə aparılan araşdırmalar göstərir ki, qış aylarında istilik xərclərinin artması insanlarda stressi yüksəldir. İnsanlar qışda evlərini qismən qızdırır, isti su butulkaları və adyallardan istifadə edirlər.

Digər tərəfdən, isti hava da sağlamlıq üçün təhlükəlidir. Həddindən artıq istilik ürəyə və böyrəklərə yük salır, istilik vurması və psixi sağlamlıq problemlərinə səbəb ola bilər. İmkanları məhdud insanlar, açıq havada çalışanlar və pis şəraitdə yaşayanlar daha çox risk altındadır.

Körpələr və yaşlılar temperatur fərqlərinə həssasdırlar. Körpələrdə istilik yüksək olduqda ani körpə ölümü riski artır, yaşlılar isə soyuğa daha həssasdırlar. Maddələr mübadiləsinin zəifləməsi, dərman qəbulu və xroniki xəstəliklər bədən istiliyini tənzimləməyi çətinləşdirir.

Qadınlar kişilərə nisbətən soyuğu daha çox hiss edirlər. Hormonlar, maddələr mübadiləsi və bədən quruluşu bu fərqə təsir edir. Soyuq havada qadınların əlləri kişilərinkindən daha soyuq olur.

Tərcümə: Könül Oruc

E-saglam.az