
Yeməklərə tez ləzzət qatmaq üçün tez-tez istifadə edilən hazır bulyonlar praktikliyi ilə seçilsə də, sağlamlıq baxımından ciddi risklər daşıyır. Tərkibindəki yüksək duz miqdarı və kimyəvi maddələr bu məhsulları gündəlik istehlak üçün təhlükəli edir.

E-saglam.az xəbər verir ki, bulyonlar adətən ət, toyuq, balıq və ya tərəvəzdən alınan konsentratlardan hazırlanır və əlavə duz, konservantlar, dadlandırıcılar və süni ətirlərlə zənginləşdirilir. Məqsəd yeməklərə ləzzət qatmaq olsa da, bu tərkiblər sağlamlıq baxımından düşündürücüdür.
Yüksək natrium miqdarı
Hazır bulyon kubları duz baxımından olduqca zəngindir. Natrium bədəndə maye balansını qorusa da, həddindən artıq qəbulu yüksək qan təzyiqi, ürək-damar xəstəlikləri və böyrək problemlərinə yol aça bilər. Tək bir kub, gündəlik duz ehtiyacınızın böyük bir hissəsini qarşılayır, bu da uzunmüddətli istifadədə ciddi risk deməkdir.
Süni qatqılar və kimyəvi maddələr
Bu məhsullarda tez-tez rast gəlinən süni dadlandırıcılar və konservantlar bəzi insanlarda həzm sisteminə mənfi təsir göstərir. Ürəkbulanma, şişkinlik, allergik reaksiyalar və mədə narahatlıqları bu maddələrin yan təsirləri arasında yer alır. Uzun müddət bu cür kimyəvi birləşmələrə məruz qalmaq isə xərçəng riskini artıra bilər.
Aşağı qida dəyəri
Hazır bulyonların qida dəyəri son dərəcə aşağıdır. Evdə hazırlanan bulyonlarla müqayisədə bu məhsullar təbii vitamin və minerallardan məhrumdur. Yalnız dad üçün istifadə olunan bu məhsullar balanslı qidalanmaya zərər verə bilər.
Fosfatlar və allergik reaksiyalar
Bəzi bulyon növlərində fosfat birləşmələrinə rast gəlinir. Bu maddələr sümük sağlamlığını zəiflədə və böyrəkləri yükləyə bilər. Həmçinin tərkibində olan MSG (monosodyum glutamat) kimi əlavələr baş ağrısı, allergiya və mədə pozuntusu kimi yan təsirlərə səbəb ola bilər.
Dadlı yemək istəyiniz sağlamlığınızın qarşısında maneə yaratmamalıdır. Qısa müddətli ləzzət uzunmüddətli sağlamlıq problemləri ilə əvəz oluna bilər. Ən yaxşısı, bulyonları evdə təbii üsullarla hazırlamaq və hazır məhsullardan mümkün qədər uzaq durmaqdır.
Tərcümə: Könül Oruc