Yaponiyanın Tokio şəhərində yaşayan fitnes həvəskarı Cozef Everett, bodibildinq sahəsində tanınmış məşqçi Vince Girondanın gündə 30 yumurta yeməyin əzələ artımına steroidlər qədər təsirli olduğu iddiasını sınamaq üçün bir təcrübə həyata keçirdi.
E-saglam.az xəbər verir ki, bir ay boyunca hər gün 30 yumurta istehlak edən Everett, bu müddət ərzində ümumilikdə 900 yumurta yedi. Pəhrizinə düyü, mal əti, yoqurt, meyvə, bal və protein barları da daxil edən Everett, eyni zamanda müntəzəm olaraq ağırlıq qaldırma məşqləri etdi. Təcrübənin sonunda o, 6 kq əzələ kütləsi qazanaraq çəkisini 78 kq-dan 84 kq-a yüksəltdi və qaldırdığı ağırlığı 20 kq artırdı.
Qan testləri nəticəsində "yaxşı" xolesterin səviyyəsinin artdığı və trigliseridlərin əhəmiyyətli dərəcədə azaldığı müşahidə edildi, lakin testosteron səviyyələrində dəyişiklik olmadı.
Bununla yanaşı, Everett çiy yumurta istehlakı səbəbindən həzm problemləri yaşadı və təcrübənin sonrakı günlərində bişmiş yumurtaya keçdi. O, gələcəkdə əzələ kütləsi artırmaq üçün bu üsulu təkrarlamağı düşünür, lakin yumurta ilə yanaşı qırmızı ətə də üstünlük verməyi planlaşdırır.
Mütəxəssislər qeyd edirlər ki, yumurta yüksək keyfiyyətli protein və müxtəlif vitaminlərlə zəngin olsa da, həddindən artıq istehlakı bəzi sağlamlıq problemlərinə səbəb ola bilər. Məsələn, həddindən artıq yumurta qəbulu qaraciyərə yük ola bilər və orqanizmdə zərərli xolesterinin toplanmasına səbəb ola bilər ki, bu da ateroskleroz riskini artırır. Buna görə də, sağlam yetkinlərə fasilələrlə gündə 1-2 yumurta yemək tövsiyə olunur.
Nəticə olaraq, Everettin təcrübəsi maraqlı nəticələr versə də, hər kəsin belə bir pəhrizi tətbiq etməzdən əvvəl fərdi sağlamlıq vəziyyətini nəzərə alaraq mütəxəssislə məsləhətləşməsi vacibdir.
Tərcümə: Könül Oruc