29 yaşlı dörd uşaq anası Xedidja Teape əkizlərini dünyaya gətirdikdən sonra ağır mədə ağrıları keçirməyə başlayıb.
E-saglam.az xəbər verir ki, həkimlər onun şikayətlərini ciddiyə almadığı üçün vəziyyəti daha da pisləşib və o, təcili yardıma müraciət etmək məcburiyyətində qalıb.
Araşdırmalar nəticəsində onun Strep A bakteriyası səbəbilə sepsisdən əziyyət çəkdiyi müəyyən edilib. Sepsis immunitet sisteminin bədənə hücum etməsinə səbəb olaraq həyati təhlükə yaradır.
Xəstəliyin ağırlaşması nəticəsində Teape bir həftə komada saxlanılıb. Oyananda isə əlləri, ayaqları və burnunun qaraldığını görüb. Həkimlər onun həyatda qalmasının möcüzə olduğunu bildiriblər.
Sepsis nəticəsində 2023-cü ilin avqustunda hər iki ayağı, sol əli və sağ əlinin barmaqları amputasiya edilib.
Fiziki və emosional çətinliklərə baxmayaraq, o, həyata tutunmağa davam edir. Protezlər sayəsində müstəqil hərəkət edə bilir və övladlarına qayğı göstərməkdən xoşbəxtdir.
Tərcümə: Könül Oruc