Həkimdən estetik əməliyyatlarla bağlı XƏBƏRDARLIQ -
Həkimdən estetik əməliyyatlarla bağlı XƏBƏRDARLIQ -

Tibb elminin inkişafı plastik cərrahiyyədə də yeniliklər yaradıb. Bu yenilikləri üz cərrahiyyəsindən tutmuş bədən şəkilləndirməyə qədər müxtəlif plastik əməliyyatlarda görürük. Əməliyyat masasına əyləşənlər ya uğurlu nəticələrlə qarşılaşır, ya da əksinə bir sıra fəsadlar üzə çıxır.

Bəs dövrümüzün ən aktual mövzusu olan plastik əməliyyatların hansı ziyanları var?

Mövzu ilə bağlı Sfera.az-a danışan plastik cərrah Günel Bayramlı bildirib ki, kompleks və yaxud görünüşdə olan anatomik patologiya insanları, xüsusilə də qadınları estetik əməliyyat etməyə vadar edir.

“Səbəbindən asılı olmayaraq cəmiyyətin istənilən təbəqəsindən olan insanların, xüsusilə məşhurların etdirdiyi estetik əməliyyatlar bəzən istənilən nəticəni vermir. Plastik əməliyyatların 25 faizini kosmetik əməliyyatlar təşkil edir. Dünyada və Azərbaycanda daha çox rinoplastika əməliyyatı edilir. Bu əməliyyatları hər yaşda etmək olmaz. Estetik əməliyyatların 14-15 yaşından sonra edilməsi məsləhət görülür. Üz dartma əməliyyatı, bədənin müxtəlif yerlərində ətin kəsilib götürülməsi də müəyyən qaydalarla həyata keçirilməlidir. Hər xəstəyə individiual yanaşaraq əməliyyat etmək lazımdır”.

Həkim qeyd edib ki, hər bir plastik cərrahiyyə əməliyyatı insan sağlamlığı üçün zərərlidir.

“Son illərdə geniş vüsət alan bədən və üz ölçülərinin dəyişdirilməsinin bir sıra mənfi effektləri var. Plastik cərrahiyyənin potensial risklərinə anormal çapıqlar, qan laxtası, qan itkisi, prosedur zamanı tənəffüs problemləri, maye yığılması (ödem), infeksiya, sinir zədələnməsi daxildir”.

Günel Bayramlının sözlərinə görə, silikon tərkibli dolğu maddələr əvvəllər daha təhlükəli idi.

“Dolğu orqanizmə vurulduqdan sonra ömürlük qalıcılıq yaradır. Bu da bəzi hallarda orqanizmdə reaksiya verərək insanın yenidən əməliyyat olmasına gətirib çıxarır. El arasında sintetik dolğu kimi tanınan biopolimerlərin bədənin hansısa bir hissəsinə vurulması qadağandır. Bu dolğular ümumiyyətlə icazəsiz istehsal edilir. Qalıcı olduğundan bir çox kosmetoloq müştəriyə bunu məsləhət görür. Amma heç bir peşəkar kosmetoloq müştərisinə bunu məsləhət görmür. Belə ki, bu süni materiallar yüksək günəş radiasiyasının təsirindən əriyib axır. Bu isə eybəcər görüntü yaradır. Bu səbəbdən də son iki ildə silikon əvəzinə təbii piydən istifadəyə üstünlük verilir. Düzgün vurulmayan dolğu mexaniki olaraq damarı tıxamış olar. Bu zaman dodağı qidalandıran damar pozulduğu üçün hüceyrələr ölür və yaralar əmələ gəlir. Bəzən isə dolğu hüceyrələrin ölməsinə və çürümə prosesinə səbəb olur. Bu prosesdən sonra çürümə ilə üzləşən yetərincə insan var”.

E-saglam.az