Diyetoloq Nadejda Litvinova-Grazion bildirib ki, saç və dırnaqların vəziyyəti bədənin ümumi sağlamlıq vəziyyətini əks etdirir.
E-saglam.az xəbər verir ki, o, Lenta.ru-ya verdiyi müsahibədə bu problemləri aradan qaldırmağa kömək edən qidaları sadalayıb.
Onun sözlərinə görə, saç tökülməsi, dırnaqların kövrəkliyi və solğunluğu zülal, dəmir və D vitamini çatışmazlığı, həmçinin qalxanabənzər vəzin zəif fəaliyyəti (hipotiroidizm) ilə əlaqəli ola bilər.
Həkim bu hallarda həm müalicə, həm də düzgün qidalanma ilə bərpanın mümkün olduğunu deyir.
O, pəhrizdə bu məhsullara yer verilməsini tövsiyə edir:
Zülalla zəngin qidalar: yumurta, ağ balıq, mərcimək, noxud, lobya
Ət və ət məhsulları: mal əti, dana əti, qaraciyər – xüsusilə dəmir mənbəyi kimi
Yağlı balıqlar: qızılbalıq, skumbriya, siyənək – omeqa-3 və D vitamini üçün
Qoz-fındıq və toxumlar: qoz, Braziliya qozu, badam, balqabaq və kətan toxumu
Yarpaqlı göyərti: ispanaq, kələm, şüyüd, cəfəri – C vitamini, dəmir və fol turşusu ilə zəngindir
Litvinova-Grazion bildirib ki, bu qidalar həm də kollagen istehsalına kömək edir və dəmirin orqanizmdə daha yaxşı mənimsənilməsini təmin edir. Əgər saç və dırnaqların vəziyyəti pisləşirsə, həkimə müraciət edib müvafiq analizlər vermək tövsiyə olunur.
Tərcümə: Könül Oruc