Endokrinoloq İrina Lenkova bildirib ki, nəzarətsiz qida istəyi və daim aclıq hissi bəzi hallarda insulin müqaviməti kimi ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər.
E-saglam.az xəbər verir ki, həkimin sözlərinə görə, iştahanı idarə etmək çətinləşirsə və insan tez-tez yüksək kalorili qidalara meyl göstərirsə, bunu yalnız iradə zəifliyi kimi qiymətləndirmək düzgün deyil. Bu vəziyyət orqanizmdə maddələr mübadiləsi pozuntuları ilə əlaqəli ola bilər.
İnsulin müqaviməti nədir?
Mütəxəssis izah edib ki, insulin müqaviməti zamanı hüceyrələr insulin hormonuna normal reaksiya vermir. Nəticədə orqanizmdə şəkər və enerji balansı pozulur, bu isə iştahanın artmasına, tez-tez aclıq hissinə və çəki artımına səbəb ola bilər.
İrina Lenkova qeyd edib ki, bu problem vaxtında aşkarlanarsa, endokrinoloq tərəfindən uyğun müalicə və həyat tərzi dəyişiklikləri ilə vəziyyəti nəzarətdə saxlamaq mümkündür.
Yeni dərmanlar iştahanı azalda bilər
Həkim bildirib ki, hazırda bəzi beynəlxalq əczaçılıq şirkətləri iştahanı və çəki artımını tənzimləyən GLP-1 və GIP hormonlarına təsir edən preparatlar üzərində işləyirlər.
Onun sözlərinə görə, GLP-1 hormonuna təsir edən dərmanlar aclıq hissini və yüksək kalorili qidalara meyli azaltmağa kömək edir. GIP hormonuna təsir edən preparatlar isə yağ toxumasına təsir göstərərək xüsusilə qarın nahiyəsində piy yığılmasını azaltmağa kömək edə bilər.
Dərmanlar hər kəs üçün uyğun deyil
Mütəxəssis vurğulayıb ki, bu preparatlar yalnız tibbi göstəriş olduqda istifadə edilməlidir. Sadəcə bir neçə kilo artıq çəki və ya “çəki almadan yemək istəyi” bu dərmanların istifadəsi üçün əsas hesab olunmur.
Həkim qeyd edib ki, düzgün qidalanma və fiziki aktivlik olmadan heç bir dərman uzunmüddətli nəticə vermir.
İrina Lenkova əlavə edib ki, davamlı aclıq hissi və sürətli çəki artımı zamanı insan özünü günahlandırmaq əvəzinə mütəxəssisə müraciət etməlidir.
Tərcümə: Könül Oruc