Yandex watch
Harvard Universiteti ömrü uzadan

Harvard Universiteti tərəfindən yayımlanan yeni araşdırma, gündəlik qidalanmada dörd mühüm meyvəyə yer verilməsinin uzun və sağlam ömür üçün əhəmiyyətini vurğulayır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, son illərdə qidaya yanaşmada ciddi dəyişikliklər baş verib. Artıq qida təkcə fiziki ehtiyacları ödəmək üçün deyil, eyni zamanda zehni, fiziki və emosional sağlamlığı dəstəkləyən əsas faktor kimi qiymətləndirilir. Harvard alimləri bu kontekstdə gündəlik pəhrizə əlavə olunması tövsiyə edilən dörd meyvəni önə çəkiblər: qaragilə, nar, üzüm və banan.

Qaragilə (Blueberry)

Beyin və ürək üçün faydalı olan qaragilə, güclü antioksidant təsirə malikdir. Tərkibindəki antosiyaninlər hüceyrə zədələnməsinin qarşısını alaraq erkən qocalma və xroniki xəstəliklərə qarşı qoruyucu təsir göstərir. Qaragilə həmçinin yaddaşı gücləndirir, immunitet sistemini möhkəmləndirir və iltihabı azaldır.

Nar

Polifenollarla zəngin olan nar güclü iltihab əleyhinə və antioksidant xüsusiyyətlərə malikdir. Qan təzyiqini tənzimləyir, qan dövranını yaxşılaşdırır və həzmi asanlaşdırır. Eyni zamanda bağırsaq mikroflorasına müsbət təsir edir.

Üzüm

Xüsusilə qırmızı üzüm tərkibindəki resveratrol sayəsində ürək sağlamlığını dəstəkləyir. C və K vitaminləri, lif və digər antioksidantlarla zəngin üzüm qan dövranını yaxşılaşdırır, qan laxtalanmasının qarşısını alır və göz sağlamlığını qoruyur. Şəkər tərkibinə görə tənqid olunsa da, iltihab və virus əleyhinə təsirləri diqqətəlayiqdir.

Banan

Kaliumla zəngin banan əzələ və sinir sistemi üçün vacib meyvədir. Sürətli enerji mənbəyi olan banan qan təzyiqini sabit saxlamağa, həzm sistemini tənzimləməyə və serotonin istehsalı ilə əhval-ruhiyyəni yaxşılaşdırmağa kömək edir. İdmançılar üçün isə əzələ spazmlarının qarşısını almaqda əvəzolunmazdır.

Harvard araşdırması bir daha sübut edir ki, meyvələr sadəcə qəlyanaltı deyil, sağlam həyat tərzinin əsas sütunlarından biridir. Təzə, üzvi və yerli meyvələr orqanizmi gücləndirməklə yanaşı, gündəlik enerji ehtiyacını da qarşılayır və xəstəliklərə qarşı təbii qoruyucu rolunu oynayır.

Tərcümə: Könül Oruc

E-saglam.az