Qastroenteroloq Svetlana Çerepitsyna haqsız yerə qiymətləndirilməyən, lakin olduqca faydalı bir sıyığın – inci arpanın pəhrizə daxil edilməsini tövsiyə edib.
E-saglam.az-ın məlumatına görə, o, xüsusilə 50 yaşdan sonra bu qidanın sağlamlıq üçün əhəmiyyətini vurğulayıb.
Onun sözlərinə görə, yaş artdıqca maddələr mübadiləsi təbii şəkildə yavaşlayır və qidalanma sadəcə enerji mənbəyi deyil, eyni zamanda bədəni qoruyan əsas faktora çevrilir. Bu dövrdə orqanizm xolesterolu azaltmağa, həzmi yaxşılaşdırmağa və qida çatışmazlıqlarını aradan qaldırmağa kömək edən məhsullara daha çox ehtiyac duyur. İnci arpa bu baxımdan “qiymətləndirilməmiş çempion” sayılır.
Çerepitsyna bildirib ki, arpa sıyığının müntəzəm qəbulu ilk həftələrdə həzmi yaxşılaşdırır, şişkinliyi və mədədə ağırlıq hissini azaldır, ümumi yüngüllük yaradır. Bir ay sonra isə “pis” xolesterolun səviyyəsi aşağı düşür. Tərkibindəki maqnezium və kalium sayəsində arpa qan təzyiqinin sabitləşməsinə, yuxunun yaxşılaşmasına və stressin azalmasına kömək edir.
Həkimin sözlərinə görə, həftədə iki-üç dəfə arpa sıyığı yemək şişkinliyi azalda, dərinin daha sağlam görünməsinə müsbət təsir göstərə bilər. Bu, həm daxili orqanların, həm də ümumi görünüşün yaxşılaşmasına dəstək olur.
Lakin mütəxəssis qeyd edib ki, inci arpa tərkibində qlüten olduğu üçün çölyak xəstəliyi olan insanlar üçün uyğun deyil. Bundan başqa, qastrit, mədə xorası və ya qıcıqlanmış bağırsaq sindromunun kəskinləşmə dövründə bu sıyıq ehtiyatla qəbul edilməlidir.
Tərcümə: Könül Oruc