Sağlamlıq
Gündə yalnız bir stəkan şərab içməyin belə fəsadları üzə çıxıb:
Sağlamlıq
259

Gündə yalnız bir stəkan şərab içməyin belə fəsadları üzə çıxıb: mütəxəssis xəbərdarlıq edir

Müntəzəm olaraq az miqdarda da olsa spirtli içki qəbul etmək sağlamlıq üçün ciddi risklər yaradır.

E-saglam.az xəbər verir ki, bu barədə "Alkomed" klinikasının narkoloqu, narkologiya şöbəsinin müdiri Andrey Tyurin "Lenta.ru"ya açıqlamasında bildirib.

Xərçəng riski artır

Tyurinin sözlərinə görə, spirtin tərkibindəki etanol və onun parçalanma məhsulları – qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaq, qırtlaq və süd vəzilərində xərçəngə səbəb ola bilən kanserogenlərdir. Hətta gündəlik cəmi bir stəkan şərab belə bu riski artırır. “Məsələn, gündə bir stəkan şərab içmək süd vəzi xərçəngi riskini 7-10 faiz yüksəldə bilər”, – deyə o vurğulayıb.

Pankreatit və şəkərli diabet riski

Mütəxəssis əlavə edib ki, alkoqol ilk növbədə mədəaltı vəzini zədələyir. Bu isə kəskin və xroniki pankreatitə, eyni zamanda 2-ci tip şəkərli diabetə səbəb ola bilər.

Qaraciyər sıradan çıxır

Spirtli içkilərin müntəzəm istifadəsi qaraciyərin fəaliyyətinə də zərbə vurur. Əvvəlcə yağlı hepatoz, daha sonra spirtli hepatit, son mərhələdə isə siroz inkişaf edə bilər. ÜST-nin məlumatına görə, siroz hallarının təxminən 50 faizi məhz alkoqol istifadəsi ilə bağlıdır.

Ürək, beyin və immun sisteminə ziyan

Tyurin həmçinin bildirib ki, spirtli içkilər qan təzyiqini yüksəldir, ürək ritmini pozur və infarkt ilə insult riskini artırır. Eyni zamanda immuniteti zəiflədir, beyin hüceyrələrini məhv edir və depressiya, narahatlıq, alkoqol psixozu və demensiya kimi psixi pozuntulara səbəb ola bilər.

“Alkoqoldan asılı olan xəstələrin 20 faizində Wernicke-Korsakoff sindromu inkişaf edir. Bu sindrom yaddaş itkisi və koordinasiya pozğunluğu ilə xarakterizə olunan ciddi sinir sistemi zədələnməsidir”, – deyə mütəxəssis əlavə edib.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun