Gündəlik süd istehlakının sağlamlığa mühüm təsirləri ilə bağlı yeni araşdırma diqqət çəkir. Alimlərin nəticələrinə görə, hər gün bir stəkan süd içmək insult riskinin azalmasına kömək edə bilər.
E-saglam.az xəbər verir ki, Yaponiyada aparılan tədqiqat göstərib ki, gündə təxminən 180 qram süd qəbul edən 30–79 yaş arası insanlarda insult riski orta hesabla 7 faiz, bəzi hallarda isə 10 faizə qədər azalır. Araşdırma bu vərdişin uzunmüddətli perspektivdə minlərlə xəstəlik və ölüm halının qarşısını ala biləcəyini göstərir.
Mütəxəssislər bildirir ki, bu təsir əsasən südün tərkibindəki kalsium, kalium və maqnezium kimi minerallarla əlaqəlidir. Bu maddələr qan damarlarını rahatladaraq qan təzyiqinin tənzimlənməsinə kömək edir və beləliklə insult riskini azaldır.
Süd eyni zamanda orqanizmi vacib amin turşuları ilə təmin edir, əzələ kütləsinin qorunmasına və bərpasına dəstək olur. Tərkibindəki B12 vitamini və digər mikroelementlər ümumi sağlamlığın qorunmasında mühüm rol oynayır.
Araşdırmada qeyd olunur ki, süd və süd məhsullarının balanslı şəkildə qidalanmaya daxil edilməsi sağlam həyat tərzinin vacib hissəsi ola bilər. Bununla belə, hər bir fərdin sağlamlıq vəziyyətinə uyğun olaraq qidalanma ilə bağlı qərarları həkimlə məsləhətləşərək verməsi tövsiyə olunur.
Tərcümə: Könül Oruc