
Yuxusuzluğun vücud üzərindəki təsirləri çox ciddidir və yalnız yorğunluğa səbəb olmaqla qalmır, həm də immunitet sisteminizi zəiflədir, xərçəng riskinizi artırır.

E-saglam.az xəbər verir ki, Tibbi Onkologiya Mütəxəssisi Dr. Nərgiz Məcidova yuxu rejiminin xərçəngə təsirini izah edərək qeyd edir ki, elmi araşdırmalar gecə növbəsində çalışan şəxslərdə xərçəng riskinin daha yüksək olduğunu göstərir. Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) bağlı Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi, uzun müddət gecə növbəsində işləməni "mümkün kanserogen" olaraq təyin edir. Bioloji saatin pozulması və melatonin ifrazının azalması bu riskin əsas səbəblərindəndir.
Melatonin və yuxusuzluq
Melatonin, yuxu tənzimləyicisi olaraq tanınan təbii bir hormondur. Dr. Məcidova melatoninin, həmçinin güclü bir antioksidant olduğunu və hüceyrələri sərbəst radikallardan qoruyaraq DNT zədələnməsinin qarşısını aldığını vurğulayır. Melatonin çatışmazlığı şişin böyüməsini sürətləndirə bilər.
İmmunitet sistemi və yuxusuzluq
Yuxusuzluğun immunitet sisteminə təsir etdiyi və xərçəng hüceyrələrinin məhv edilməsini çətinləşdirdiyi də qeyd olunur. Xroniki yuxusuzluq immuniteti zəiflədir və orqanizmi xəstəliklərə qarşı həssas edir.
Sağlam yuxu üçün tövsiyələr
Dr. Məcidova, sağlam yuxu üçün bəzi tövsiyələr təqdim edir:
Daimi yuxu saatları: Eyni vaxtda yatmaq və oyanmaq bioloji saati tənzimləyir.
Qaranlıq mühit: Melatonin ifrazını artırmaq üçün yataq otağınızı tamamilə qaranlıq edin.
Ekranlardan çəkinin: Yatmazdan ən azı bir saat əvvəl elektron cihazlardan istifadəni azaldın.
Pəhriz: Kofein və ağır yeməklərdən qaçınaraq yuxu keyfiyyətini yaxşılaşdırın.
Sağlam yuxu və xərçəngə qarşı qorunma
Sağlam yuxu rejimi yalnız təravətli olmaq üçün deyil, həm də xərçəng kimi ciddi xəstəliklərə qarşı qoruyucu bir qalxan rolunu oynayır. Yuxu və xərçəng arasındakı əlaqə araşdırılmağa davam edir və hər kəsin yuxu keyfiyyətinə diqqət yetirməsi vacibdir.
Tərcümə: Könül Oruc