Qidalanma
Fitnes barlarındakı gizli təhlükə:
Qidalanma
132

Fitnes barlarındakı gizli təhlükə: Sağlam qida adı altında şəkər bombası

Sağlam həyat tərzini seçənlərin tez-tez müraciət etdiyi fitnes barları əslində düşündüyümüz qədər günahsız deyil.

E-saglam.az-ın məlumatına görə, diyetoloq İrina Nikaşina bu məhsulların tərkibində sağlamlığa zərər verə biləcək gizli maddələrin olduğunu bildirib. Onun sözlərinə görə, bir çox fitnes barı "şəkərsiz" kimi təqdim olunsa da, tərkibində aqava siropu, maltitol, fruktoza və bəkməz kimi maddələr yer alır. Bunlar rəsmi olaraq şəkər sayılmasa da, bədən bu maddələrə şəkərlə eyni reaksiya verir – qan şəkərinin sürətlə yüksəlməsi.

Belə qəlyanaltılardan sonra, adətən, 30-60 dəqiqə ərzində güclü aclıq hissi yaranır və bu, çox yeməyə səbəb ola bilər. Bundan əlavə, bu barların kalorisi də az deyil – bir çoxu 200-250 kilokalori arasında dəyişir ki, bu da adi bir şokolad dilimi ilə müqayisə oluna bilər. Həmçinin onların tərkibində çox az miqdarda protein (10 qramdan az) və lif (3 qramdan az) olur, halbuki gündəlik lif ehtiyacı 25-30 qramdır.

Nikaşinanın fikrincə, bu məhsullar əslində sadəcə adi şirniyyatların bir formasıdır – yalnız zülal və vitaminlərlə "bəzədilib". Qablaşdırma üzərində yazılan "fitness", "diet" və ya "sağlam" kimi ifadələr isə alıcıda yanlış bir təhlükəsizlik hissi yaradır. İnsan bu məhsulu zərərsiz hesab edərək daha çox miqdarda qəbul edir və nəticədə arzuolunmaz çəki artımı baş verə bilər.

Diyetoloq istehlakçılara məsləhət görür ki, belə məhsulları almazdan əvvəl tərkibini diqqətlə oxusunlar və "şəkərsiz" adı altında təqdim edilən bu barların gizli tərkib hissələrinə qarşı diqqətli olsunlar. Sağlam qəlyanaltı üçün isə meyvə, quru meyvələr, qoz-fındıq və ya ev şəraitində hazırlanmış zülallı barlar daha məqsədəuyğundur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun