Dietoloq Rob Hobsonun sözlərinə görə, düzgün qidalanmanı asanlaşdırmaq üçün hər evdə daim qida dəyəri yüksək olan məhsulların olması vacibdir.
E-saglam.az xəbər verir ki, bu məhsullar həm gündəlik yeməklərin hazırlanmasını asanlaşdırır, həm də orqanizmin ehtiyac duyduğu əsas maddələri təmin edir.
Yumurta və konservləşdirilmiş balıq
Mütəxəssis yumurtanı ən faydalı qidalardan biri kimi qeyd edir. Onun tərkibində yüksək keyfiyyətli proteinlə yanaşı A, D, E, K və B qrup vitaminləri, həmçinin sink, selen və dəmir var. Bundan əlavə, konservləşdirilmiş qızılbalıq, sardina və tuna da evdə saxlanılması tövsiyə olunan məhsullar arasındadır, çünki onlar asan şəkildə zülal və faydalı yağlar əldə etməyə imkan verir.
Paxlalılar və lif mənbələri
Yulaf əzməsi, mərcimək və lobya kimi məhsullar gündəlik qidalanmada mühüm yer tutur. Bu qidalar xüsusilə həzm sistemini dəstəkləyən liflə zəngindir və xolesterinin tənzimlənməsinə kömək edə bilər.
Bitki mənşəli protein və toxumlar
Tofu, avokado və müxtəlif toxumlar – çia, kətan, küncüt və günəbaxan tumları – orqanizm üçün vacib yağ turşuları və mikroelementlərlə zəngindir. Bu məhsullar həm enerji verir, həm də balanslı qidalanmanı dəstəkləyir.
Süd məhsulları və ağ ətlər
Mütəxəssis həmçinin qatıq, yarpaqlı yaşıl tərəvəzlər, toyuq, hinduşka və edamame kimi qidaların da müntəzəm olaraq rasionda yer almasını tövsiyə edir. Bu məhsullar zülal və vitamin balansını qorumağa kömək edir.
Tərcümə: Könül Oruc