Psixologiya
Ev heyvanını itirmək insan itkisi qədər ağır
Psixologiya
95

Ev heyvanını itirmək insan itkisi qədər ağır kədərə səbəb ola bilər

Böyük Britaniyada aparılan yeni araşdırma göstərib ki, ev heyvanının ölümündən sonra yaranan kədər, sevilən bir insanın itkisi qədər ağrılı və uzunmüddətli ola bilər.

E-saglam.az-ın məlumatına görə, PLOS One jurnalında dərc olunan tədqiqat bəzi insanların aylarla, hətta illərlə davam edən uzunmüddətli kədər pozğunluğu yaşadığını ortaya qoyub.

Hazırda bu pozğunluq yalnız insan ölümü ilə əlaqələndirilir. Lakin tədqiqatın müəllifləri bildirirlər ki, ev heyvanının itkisi də psixoloji baxımdan eyni dərəcədə ağır ola bilər və klinik meyarlar buna uyğun şəkildə yenilənməlidir.

Uzunmüddətli kədər pozğunluğu güclü həsrət hissi, dərin ümidsizlik, emosional keylik, insanlarla ünsiyyətdə çətinlik və gündəlik həyat fəaliyyətlərinin pozulması ilə xarakterizə olunur. İnsanlar bəzən özlərinin bir hissəsini itirmiş kimi hiss etdiklərini bildirirlər.

Araşdırma 975 yetkin insan arasında aparılıb və onların təxminən üçdə biri ev heyvanının ölümünü yaşadığını bildirib. Bu şəxslərin 7,5 faizi uzunmüddətli kədər pozğunluğu üçün diaqnostik meyarlara cavab verib. Bu göstərici yaxın dostunu itirən insanlardakı göstərici ilə demək olar ki, eynidir.

Nəticələrə görə, nənə-baba, bacı-qardaş və ya partnyor itkisi ilə bağlı kədər səviyyəsi yalnız bir qədər daha yüksək olub. Ən ağır göstəricilər valideynini və ya övladını itirənlərdə qeydə alınıb.

Sorğu zamanı maraqlı məqam da ortaya çıxıb. Həm insanını, həm də ev heyvanını itirənlərin təxminən beşdə biri üçün ən ağır kədərin məhz ev heyvanının itkisi olduğu bildirilib. Bu isə ev heyvanları ilə emosional bağın nə qədər güclü ola biləcəyini göstərir.

Ümumilikdə tədqiqat göstərir ki, Böyük Britaniyada hər 12 uzunmüddətli kədər pozğunluğu hadisəsindən biri ev heyvanının ölümü ilə əlaqəli ola bilər.

Araşdırmanın müəllifi, Maynooth Universitetinin professoru Philip Hyland bildirib ki, ev heyvanının itkisi nəticəsində yaranan kədər klinik baxımdan ciddi qəbul edilməlidir. Onun sözlərinə görə, bu növ itkini diaqnostik meyarlardan çıxarmaq həm elmi baxımdan yanlış, həm də insanlara qarşı ədalətsiz yanaşmadır, çünki bu, bir çox şəxsin lazımi psixoloji dəstəkdən məhrum qalmasına səbəb ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun