Yuxudan oyanarkən halsızlıq və başın dumanlanması hissi milyonlarla insana tanışdır.
E-saglam.az xəbər verir ki, endokrinoloq Artur Peçeritsa səhər yorğunluğunun əksər hallarda yalnız üç qrup amildən qaynaqlandığını və yalnız bəzi hallarda ciddi tibbi müdaxilə tələb etdiyini açıqlayıb.
Mütəxəssisə görə, problemin kökündə çox vaxt xəstəlik deyil, vərdiş dayanır. Gec yatmaq, pozulmuş gündəlik iş rejimi və yatmazdan əvvəl ekran qarşısında uzun müddət qalmaq melatonin istehsalını pozur. Zamanla "yuxu borcu" toplanır - beyin oyaqlığa keçməkdə getdikcə çətinlik çəkir. Xroniki stress və yüksək kortizol səviyyəsi də eyni nəticəyə gətirir: insan səkkiz saat yatsa belə, sinir sisteminin həddindən artıq yüklənməsi yuxunun keyfiyyətini aşağı salır.
Əgər həyat tərzi yaxşı qurulmuş olsa, lakin səhər yorğunluğu davam edərsə, söhbət endokrin problemdən gedə bilər. Endokrinoloq üç əsas tibbi ssenaridən danışıb.
Birincisi hipotiroidizm - tiroid vəzinin qeyri-aktivliyidir. Bu halda metabolizm yavaşlayır, yuxululuq, üşütmə, şişmə və enerji çatışmazlığı yaranır. İkincisi karbohidrat mübadiləsinin pozulmasıdır - insulin müqaviməti və ya diabet zamanı hüceyrələr qlükozadan lazımi şəkildə istifadə edə bilmir. Üçüncüsü dəmir, B12 və D vitamini çatışmazlığıdır - xüsusilə dəmir çatışmazlığı toxumalara oksigen tədarükünü azaldaraq davamlı zəifliyə səbəb olur.
Peçeritsa obstruktiv yuxu apnesini da xüsusi qeyd edib - yuxu zamanı tənəffüsün qısamüddətli dayanması. Belə hallarda insan kifayət qədər yatsa belə yuxunun keyfiyyəti aşağı qalır. Xorultu, səhər baş ağrıları və gündüz kəskin yuxululuq bu pozğunluğun əsas əlamətləridir.
Həkim sadə gündəlik amillərin də çətin səhərlərə zəmin yarada biləcəyini vurğulayıb - gec ağır şam yeməyi, bir gecə əvvəl spirtli içki qəbulu, günortadan sonra artıq kofein və fiziki aktivliyin olmaması bunların başında gəlir.
Tərcümə: Könül Oruc