2-ci tip diabet çox vaxt hiss olunmadan inkişaf edir: insanlar illərlə susuzluq hiss etmir və özlərini xəstə hesab etmirlər.
Diabetin ən çox tanınan əlamətləri güclü susuzluq, tez-tez sidiyə getmə və qanda şəkərin yüksək olmasıdır. Lakin xüsusilə 2-ci tip diabetin ilkin mərhələsində əlamətlər daha zəif və başqa problemlərlə qarışdırıla bilər.
Mütəxəssis Vladimir Mayorovun sözlərinə görə, uzun müddət davam edən yorğunluq diabetin diqqətdən kənarda qala bilən əlamətlərindən biridir. Yorğunluq bel ətrafında piylənmə, yüksək qan təzyiqi və ya ailədə diabet xəstəliyinin olması ilə birlikdə müşahidə edilirsə, qan şəkərinin yoxlanılması məqsədəuyğun ola bilər.
Görmənin vaxtaşırı bulanıqlaşması da diabetlə əlaqəli ola bilər. Qanda şəkərin səviyyəsinin dəyişməsi gözün büllurunun fəaliyyətinə təsir göstərə və görmənin müvəqqəti olaraq bulanıqlaşmasına səbəb ola bilər. Bu səbəbdən görmədə səbəbsiz və təkrarlanan dəyişikliklər olduqda həkimə müraciət etmək vacibdir.
Dəri qaşınması və tez-tez təkrarlanan göbələk infeksiyaları da diqqət tələb edir. Qanda şəkərin uzun müddət yüksək olması bəzi infeksiyaların, o cümlədən ağız boşluğunda və genital nahiyədə göbələk infeksiyalarının yaranması üçün əlverişli şərait yarada bilər. Xüsusilə infeksiyalar təkrarlandıqda qan şəkərinin yoxlanılması faydalıdır.
Ağız quruluğu və diş əti problemləri də diabetlə əlaqəli ola bilər. Diabet ağız boşluğunda tüpürcək ifrazının azalmasına və diş əti xəstəliklərinin daha çox görülməsinə səbəb ola bilər. Bəzi hallarda diş həkimi ağız boşluğundakı dəyişikliklərə əsasən pasiyentə qan şəkərini yoxlatmağı tövsiyə edə bilər.
Ayaqlarda keyimə, iynəbatma və ya yanma hissi də diabetin əlamətlərindən biri ola bilər. Bu şikayətlər sinirlərin zədələnməsi ilə əlaqəli diabetik neyropatiya nəticəsində yarana bilər. İnsanlar bunu bəzən ayaqlarının uyuşması, hissiyyatın azalması və ya ayaqlarında qəribə hisslər kimi təsvir edirlər.
Kişilərdə erektil disfunksiya, yəni cinsi əlaqə üçün kifayət qədər və davamlı ereksiya əldə edə bilməmək də diabetlə əlaqəli ola bilər. Xüsusilə artıq çəki, yüksək qan təzyiqi və ailədə diabet tarixçəsi kimi risk faktorları varsa, bu şikayətin səbəbinin araşdırılması vacibdir.
“Donmuş çiyin” kimi tanınan vəziyyət, yəni çiyində hərəkət məhdudiyyəti və ağrı da diabetli insanlarda daha çox rast gəlinə bilər. Lakin bu əlamət yalnız diabetə xas deyil və təkbaşına xəstəliyin göstəricisi hesab edilmir.
Mütəxəssis vurğulayır ki, sadalanan əlamətlərin heç biri təkbaşına diabetin olduğunu sübut etmir. Bu simptomlardan biri və ya bir neçəsi müşahidə olunursa, xüsusilə risk faktorları da varsa, qan şəkərinin yoxlanılması və həkim müayinəsindən keçmək daha doğru yanaşmadır.
Tərcümə: Könül Oruc