Yandex watch
Ən çətin həzm olunan 5 qida:

Qəbul etdiyimiz qidaların tam həzm olunması müəyyən zaman tələb edir. Bu səbəbdən xüsusilə axşam saatlarında ağır yeməklərdən çəkinmək tövsiyə olunur, çünki fiziki aktivlik azaldıqda mədə həzmdə çətinlik çəkə bilər. Bəzi qidalar isə günün istənilən vaxtında istehlak olunsa belə, həzm sistemi üçün ciddi yük yarada bilər.

Emlakbazari.az

E-saglam.az həzm olunması ən çətin 5 qida və onların yaratdığı problemləri təqdim edir.

1. Qızardılmış qidalar

Kartof qızartması kimi qızardılmış məhsullar qeyri-sağlam yağlarla zəngindir və həzmi xeyli çətinləşdirir. Bu cür qidalar şişkinlik, qaz və həzmsizlik yaradır. Daimi istehlak isə mədə-bağırsaq traktında iltihaba səbəb ola bilər.

Alternativ: Qızartma əvəzinə, buxarda bişirilmiş, sobada hazırlanmış və ya qril üsulu ilə bişmiş qidalar seçilməlidir. Sağlam yağ mənbəyi kimi zeytun yağı, avokado, qoz-fındıq və balıq tövsiyə olunur.

2. Emal olunmuş məhsullar

Dondurulmuş yeməklər, kolbasalar və qablaşdırılmış qəlyanaltılar kimi işlənmiş qidalar süni əlavələr, konservantlar və qeyri-sağlam yağlarla doludur. Bu komponentlər bağırsaq florasına mənfi təsir edir, iltihabı artırır, qəbizlik və şişkinlik yaradır.

Alternativ: Təzə meyvə, tərəvəz və az yağlı zülal mənbələrindən ibarət təbii və işlənməmiş qidalar üstünlük təşkil etməlidir.

3. Həddindən artıq yağlı qidalar

Ağır krem, yağlı ətlər və ya yüksək yağ tərkibli yeməklər həzm sistemində ləngiməyə və narahatlığa səbəb ola bilər. Bu tip qidalar bağırsaq hərəkətini zəiflədir, kramp və həzm pozğunluqları yaradır.

Alternativ: Yağsız ətləri və sağlam yağ tərkibli məhsulları (məsələn, avokado, fındıq) seçin.

4. Qırmızı ət

Xüsusilə emal olunmuş növləri (kolbasa, donuz əti) həzm etmək çətindir. Qırmızı ət bəzən bağırsaqlarda iltihaba səbəb ola bilən zərərli bakteriyaların çoxalmasına şərait yaradır. Bu, qəbizlik, şişkinlik və ümumi narahatlığa gətirib çıxarır.

Alternativ: Qırmızı ətin miqdarını azaldın və daha çox toyuq, balıq kimi yüngül zülal mənbələrinə üstünlük verin.

5. Süd məhsulları (Laktoza dözümsüzlüyü olanlar üçün)

Laktoza dözümsüz insanlar süd, pendir və qatıq kimi məhsulları həzm edə bilmədikləri üçün mədə ağrısı, şişkinlik və ishal kimi əlamətlərlə qarşılaşırlar. Bu, orqanizmin laktaza fermentini kifayət qədər ifraz etməməsi ilə bağlıdır.

Alternativ: Laktozasız süd məhsullarını və ya daha az laktoza ehtiva edən qatıq və sərt pendirləri seçmək faydalı ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az