Psixologiya
Ən bədbəxt yaş qrupu açıqlandı -
Psixologiya
106

Ən bədbəxt yaş qrupu açıqlandı - çox təəccüblənəcəksiniz

Elm adamlarının yeni araşdırması illərdir qəbul edilən “orta yaş böhranı” anlayışını təkzib edib. Məlum olub ki, ən bədbəxt təbəqə gənclərdir.

E-saglam.az xəbər verir ki, çərşənbə günü dərc edilən genişmiqyaslı araşdırma 44 ölkəni əhatə edib və nəticəyə görə, 18–24 yaş qrupu dünyada ən bədbəxt insanlar sayılır.

Z nəslinin psixi sağlamlığı zəifləyib

Əvvəlki tədqiqatlar xoşbəxtliyin 40 yaşlarda azaldığını, qocalıqda isə yenidən artdığını göstərirdi. Lakin ABŞ və Böyük Britaniyadan olan alimlər Z nəslində psixi sağlamlığın 2014-cü ildən etibarən ciddi şəkildə pisləşdiyini müəyyənləşdiriblər. COVID-19 pandemiyası isə vəziyyəti daha da ağırlaşdırıb. Gənclərdə dərsdən yayınma, öyrənmə çətinlikləri və psixoloji problemlərə görə işdən uzaqlaşma halları artıb.

Gənc qadınlar daha çox təsirlənib

Araşdırmaya əsasən, qadınlar kişilərə nisbətən daha çox psixoloji sıxıntı yaşayır. ABŞ-də gənc qadınlar arasında bədbəxtlik göstəricisi 2009-cu ildə 5,6 faiz idisə, 2024-cü ildə 9,3 faizə yüksəlib. Ümumilikdə 25 yaşdan aşağı olanlarda ümidsizlik halları üç dəfə artaraq 2,9 faizdən 8 faizə çatıb.

Qlobal narahatlıq

Dartmut Kolleci (ABŞ) və London Universitet Kolleci (Böyük Britaniya) alimlərinin 44 ölkədə apardığı araşdırma göstərib ki, Z nəslinin 48 faizi psixi sağlamlıq baxımından risk altındadır. Yaşı 25-dən aşağı olanların 13 faizi özünü “ümidsiz” adlandırır, digər yaş qruplarında isə bu göstərici 5,6 faizdir.

Hollandiyalı xoşbəxtlik tədqiqatçısı Martijn Hendriks bildirir ki, gənclər uşaqlıqdan ekran qarşısında çox vaxt keçirirlər. Bu isə daimi müqayisələrə, mənfi emosiyalara və özünə inamsızlığa səbəb olur. O, həmçinin qeyd edir ki, artan mənzil qiymətləri və maddi çətinliklər də gənclərin vəziyyətini ağırlaşdırır.

Orta yaş daha xoşbəxtdir

1993–2024-cü illəri əhatə edən, 400 mindən çox amerikalının iştirak etdiyi sorğu göstərib ki, “orta yaş böhranı” anlayışı mifdir. Əksinə, 45–70 yaş arası insanlar ən xoşbəxt yaş qrupunu təşkil edir.

70 yaşdan yuxarı insanların da ümidsizlik göstəricisi gənclərə nisbətən daha aşağıdır. Qlobal səviyyədə bu yaş qrupunda ümidsizlik nisbəti 1 faizdən də aşağı düşüb.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun