Tədqiqatçılar kainatın yaranmasından qısa müddət sonra formalaşan ilk molekulları — helium hidrid ionlarını — ilk dəfə laboratoriyada uğurla təkrar yaradıblar.
E-saglam.az-ın məlumatına görə, bu elmi nailiyyət erkən kainatın şəraitini simulyasiya etməyə və ulduzların necə formalaşdığını daha dərindən başa düşməyə imkan verir.
“Astronomy and Astrophysics” jurnalında yayımlanan araşdırmaya görə, 13,8 milyard il əvvəlki Böyük Partlayışdan sonra ilk əmələ gələn molekul helium hidrid ionu olub. Bu molekul molekulyar hidrogenin formalaşmasında və nəticə etibarilə ilk ulduzların doğulmasında əsas rol oynayıb.
Alimlər bu molekulların davranışını araşdırmaq üçün onları -267°C-yə qədər soyudub ağır hidrogenlə toqquşdurublar. Nəticələr göstərib ki, aşağı temperaturda belə bu ionlar ulduz əmələgəlməsinə səbəb olan reaksiya proseslərini sürətləndirə bilir. Bu da əvvəlki nəzəriyyələrə zidd olaraq, bu reaksiyaların səmərəliliyinin aşağı temperaturda belə azalmadığını sübut edir.
Tədqiqatın həmmüəllifi, nüvə fizikası üzrə mütəxəssis Holger Krekel bildirir ki, bu kəşf ilkin kainatın kimyasında helium hidrid ionlarının düşündüyümüzdən daha mühüm rol oynadığını göstərir. Onun sözlərinə görə, bu nəticələr ulduzların yaranması ilə bağlı mövcud nəzəriyyələrin yenidən nəzərdən keçirilməsini zəruri edir.
Tərcümə: Könül Oruc