Avropa ölkələrində elektron siqaretlərə qarşı xəbərdarlıqlar verilir. İstifadəsi sürətlə artsa da, bu cihazların sağlamlığa ciddi təsirləri var.
E-saglam.az xəbər verir ki, Sinə Xəstəlikləri Mütəxəssisi Prof. Dr. Tevfik Özlü bu mövzuda vacib məqamlara toxunub.
Elektron siqaret nədir?
Elektron siqaretlər nikotin buxarı buraxan cihazlardır. Xüsusilə gənclər arasında populyarlığı artıb. 18 yaş məhdudiyyəti səbəbindən siqaretdən uzaq qalan gənclər elektron siqaret vasitəsilə nikotin asılılığına düşür və sonradan adi siqaretə keçid edirlər.
Elektron siqaret təhlükəsizdirmi?
Bu cihazların zərərsiz olduğu iddiası yanlışdır. Araşdırmalar göstərir ki, elektron siqaretlər ürək-damar sistemi, ağciyərlər və canlı hüceyrələr üçün təhlükə yaradır. Tərkibində nikotin, tütün və müxtəlif kimyəvi maddələr var. Bu maddələrin bir çoxu kanserogen xüsusiyyətə malikdir və orqanizmə ciddi ziyan vurur.
Nikotini buxar kimi qəbul etməyin fərqi nədir?
Elektron siqaretlər tütünü yandırmadan nikotini buxar şəklində verir. Əsas məqsəd siqaret bazarını genişləndirmək və siqareti atmağa çalışan insanları yenidən asılı vəziyyətə salmaqdır.
Siqareti tərgitmək üçün elektron siqaret kömək edirmi?
Elektron siqaret siqareti buraxmaq üçün effektiv üsul deyil. Onlar sabit dozaya malik olmadığı üçün istifadəçilər nikotin miqdarına nəzarət edə bilmir. Araşdırmalar göstərir ki, elektron siqaret istifadə edənlər siqareti tam tərgitmək əvəzinə onu paralel şəkildə çəkməyə davam edirlər.
Zərərli maddələr və sağlamlığa təsirləri
ABŞ-da aparılan araşdırmalara görə, elektron siqaret istifadəçiləri qurğuşun, uran və nitrozamin kimi toksik maddələrə məruz qalırlar. Bu maddələr ürək döyüntüsünü artırır, qan təzyiqini yüksəldir, ağciyər və beyin funksiyalarına mənfi təsir göstərir, depressiya riskini artırır.
Elektron siqaret ağciyərlərə necə təsir edir?
Bəzi hallarda istifadəçilərdə kəskin ağciyər zədəsi və ciddi tənəffüs problemləri yaranır. Elektron siqaretin tərkibindəki kimyəvi maddələr ağciyərlərdə su yığılmasına və hətta ölümə səbəb ola bilər.
Siqaret və elektron siqaretin birlikdə istifadəsi
Təəssüf ki, bir çox insan hər iki məhsulu birlikdə istifadə edir. Elektron siqaretlərdəki nikotin səviyyəsi adi siqaretdən yüksək ola bilər və bu, sağlamlıq üçün daha böyük risklər yaradır.
Ümumdünya Səhiyyə Təşkilatına görə, hər il 8 milyondan çox insan tütün istifadəsi səbəbindən ölür. Elektron siqaretlərin uzunmüddətli təsirləri hələ tam öyrənilməyib, lakin mövcud araşdırmalar onların ciddi təhlükələr daşıdığını göstərir.
Tərcümə: Könül Oruc