
İqlim dəyişikliyi təkcə ətraf mühitə deyil, insanların psixoloji sağlamlığına da təsir göstərir.

E-saglam.az xəbər verir ki, mütəxəssis Klinik Psixoloq İlayda Kutevu bu təsiri "eko-narahatlıq" adlandırır. O bildirir ki, bu vəziyyət xüsusilə uşaqlarda və gənclərdə diqqət dağınıqlığı, öyrənmə çətinliyi və yuxu problemlərinə yol aça bilər.
Kutevuya görə, sel, yanğın və qasırğa kimi fəlakətlərdən sonra TSSB, depressiya və stress pozuntularının yayılması artır. Maddi itkilərlə yanaşı, psixoloji yüklənmə də baş verir. Uşaqlar üçün təbiət təkcə oyun sahəsi deyil, həm də təhlükəsizlik hissinin mənbəyidir. Bu hissin sarsılması uzunmüddətli problemlərə səbəb ola bilər.
Ekspert vurğulayır ki, eko-narahatlıqla mübarizə üçün etibarlı informasiya, psixoloji dəstək proqramları və sosial həmrəylik vacibdir. Təbiətlə emosional bağın gücləndirilməsi isə həm fərdi, həm də cəmiyyət səviyyəsində iqlim böhranının psixoloji təsirlərini azaltmağın açarıdır.
Tərcümə: Könül Oruc