Praktik etiket üzrə mütəxəssis Tatyana Baranova qadınlara ünvanlanan ən uğursuz və xoş qarşılanmayan tərifləri sıralayıb.
E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, iltifatın əsas şərti səmimiyyət və nəzakətdir.
Baranova bildirib ki, iltifat heç vaxt bir şəxsi digərilə müqayisə etməməlidir. Məsələn, “Saçlarınız gözəldir, filankəsinki kimi deyil” kimi ifadələr həm qarşı tərəfi narahat edə bilər, həm də münasibətdə gərginlik yarada bilər.
Ekspert vurğulayıb ki, tərifin məzmunu qarşı tərəflə olan münasibətin xarakterindən çox asılıdır. Ailə və yaxın insanlar üçün görünüş, qoxu və ya ətir kimi şəxsi sahələrə dair iltifatlar təbii sayılsa da, işgüzar və rəsmi mühitdə bu mövzuların çox ehtiyatla seçilməsi vacibdir. Çünki tanımadığınız bir şəxsin ətirinə edilən iltifat belə yanlış anlaşılmaya səbəb ola bilər.
Baranova həmçinin iki mənalı və səmimiyyətsiz təriflərin də zərərli olduğunu qeyd edib. “Bu gün həmişəkindən daha yaxşı görünürsən” kimi ifadələr, əslində, tərif kimi səslənsə də, gizli mənalar doğurur. Eyni zamanda, “Hər şeyin yaxşıdır, qızıl əllərin var, amma dilin sənin düşmənindir” kimi ziddiyyətli ifadələr də sağlam ünsiyyəti poza bilər.
Mütəxəssisə görə, düzgün iltifat sadə, səmimi və qarşı tərəfi müqayisəsiz şəkildə dəyərli hiss etdirən ifadə olmalıdır.
Tərcümə: Könül Oruc