Zeytun yağı çox vaxt ən sağlam yağ hesab olunsa da, bəzi yağlar qidalandırıcı dəyəri və faydaları baxımından ondan öndədir. Doğru yağ seçimi ürək sağlamlığına və ümumi bədən funksiyalarına müsbət təsir edir.
E-saglam.az xəbər verir ki, doymuş yağlar uzun müddət sağlamlıq üçün zərərli hesab edilsə də, son araşdırmalar onların müəyyən miqdarda faydalı ola biləcəyini göstərir. Bununla belə, qidalanmada əsas diqqət doymamış yağlara yönəlməlidir, çünki onlar ürək sağlamlığını qoruyur və bədəndəki iltihabı azaldır.
Dünyanın ən sağlam yağları sırasında ilk yerdə kətan toxumu yağı dayanır. Omeqa-3 baxımından zəngin olan bu yağ ürək və beyin sağlamlığına müsbət təsir göstərir, lakin aşağı tüstülənmə nöqtəsinə görə qızartma üçün uyğun deyil. İkinci yerdə kolza (kanola) yağı gəlir. O da sağlam yağ turşuları ilə zəngindir, lakin yüksək istilikdə istifadə edilməsi məsləhət görülmür. Üçüncü yerdə qoz yağı qərarlaşıb. Omeqa-3 və iltihab əleyhinə xüsusiyyətləri ilə bu yağ ürək və beyin funksiyalarını dəstəkləyir.
Zeytun yağı isə dördüncü sıradadır. Antioksidantlarla zəngin olması və doymamış yağ turşuları baxımından faydalı olması onu sağlam qidalanmanın vacib tərkib hissəsinə çevirir. Lakin digər yağlarla müqayisədə bəzi xüsusiyyətləri onu ilk üçlükdən geri qoyur.
Sağlam qidalanmada yağların tüstülənmə nöqtəsi də nəzərə alınmalıdır. Yüksək temperaturda parçalanan yağlar toksik maddələr buraxa bilər. Buna görə də, qızartma üçün uyğun yağlar seçilməli və təbii, az işlənmiş yağlara üstünlük verilməlidir.
Tərcümə: Könül Oruc